5 C
Baku
Monday, December 30, 2024

“Azərbaycan Dəmir Yolları” ötən il 101 milyon manat zərər edib

“Azərbaycan Dəmir Yolları” QSC 2023-cü ili 100 milyon 963 min manat zərərlə başa vurub. Halbuki, ADY 2022-ci ildə 48 milyon 77 min manat xalis mənfəət əldə etmişdir.

Banker.az bu barədə QSC-nin maliyyə hesabatına istinadən xəbər verir.           2023-cü il ADY-nin transformasiyasının tamamlanması baxımından əhəmiyyətli il olmuşdur. 2023-cü ildə Bakı-Gəncə sərnişin marşrutunun Ağstafayadək uzadılması, yeni Bakı-Qəbələ marşrutunun istifadəyə verilməsi, ölkə ərazisinə 4 ədəd “Stadler” markalı qatarın gətirilməsi, 7 milyon nəfərdən çox rekord sayda sərnişin daşınması, Orta Dəhlizin inkişaf etdirilməsi istiqamətində Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında Birgə Müəssisənin yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi üzrə işlərin xeyli sürətlənməsi, lokomotivlərin xarici ölkələrə təmirə göndərilməsinə başlanması, ilk dəfə daxili investisiya hesabına infrastrukturun müasirləşdirilməsi üzrə layihələrin həyata keçirilməsi, “ADY Mobile” tətbiqi və yükdaşımaları sahəsində rəqəmsallaşma layihələrinin həyata keçirilməyə başlanması kimi tədbirlər həyata keçirilmişdir. Qeyd edilmiş layihə və tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə əməliyyat və digər xərclərdə artım müşahidə edilmişdir. Belə ki, müasirləşdirmə-tikinti işləri tamamlanmış infrastruktur sahələrinin və obyektlərinin, yeni alınmış lokomotivlərin, eləcə də yeni tikilmiş lokomotivlərin təmiri depolarının balansa qəbul edilməsi kimi uzunmüddətli aktivlərin istismara qəbul edilməsi amortizasiya xərclərinin artımı ilə nəticələnmişdir. Qeyd edilənlərlə yanaşı, xərclərin artmasında Orta Dəhlizin əsas strateji komponentlərindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi və buraxıcılıq qabiliyyətinin illik 1 milyon tondan 5 milyon tonadək artırılması işlərinin də payı böyük olmuşdur. Bununla bərabər, işçilərin sosial rifah halının yüksəldilməsi məqsədilə görülmüş işlər nəticəsində orta aylıq əməkhaqqı 30% artırılmışdır. Həmçinin, strateji layihələrin həyata keçirilməsi üçün cəlb edilmiş xarici valyutada olan kreditlər – borc öhdəlikləri üzrə faiz xərcləri məzənnələrdə olan dəyişikliklərə görə (xüsusilə avro və İsveçrə frankı məzənnələrində) artmışdır. Qeyd edilən amillərin təsiri ilə 2023-cü il 101,3 mln manat xalis zərərlə yekunlaşdırmışdır.

2023-cü ildə “Azərbaycan Dəmir Yolları”nın cəmi gəlirləri 602 milyon 672 min manat (əvvəlki ilə nisbətən 0.2% artım), o cümlədən yükdaşıma gəlirləri 482 milyon 774 min manat (8% az), sərnişindaşıma gəlirləri 9.3 milyon manat ( 2 dəfə çox) təşkil edib.

31 dekabr 2023-cü il tarixinə “ADY”nin cəmi aktivləri 5 milyard 967 milyon manat olub ki, bu da illik müqayisədə 17.3% çoxdur.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sərnişinlərin və yüklərin dəmir yolları ilə daşınmasını təmin edən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər