Azərbaycanda istinad faizi kimi götürülən banklar arasında təminatsız kredit faizləri 2024-cü ilin fevralından bu tərəfə minimum səviyyəyə düşüb.
Banker.az tərəfindən aparılan monitorinqə görə, günlük təminatsız kreditlər (1D AZIR) ötən gün bağlanan əqddə 6.48 faiz olub. Banklar arasında 4 əqd bağlanıb və həcmi 71 mln. manat olub.
Gündəlik əsasda hesablanan AZIR indeksi sonuncu dəfə bu həddə 2024-cü ilin 14 fevralında olmuşdu, belə ki həmin göstərici 5.75 faizə düşüb.
AZİR Azərbaycanda banklararası bazarda təminatsız kreditlər üzrə orta faiz dərəcəsini əks etdirən bir göstəricidir. Bu indeks banklar arasında təminatsız (yəni girovsuz) kreditlərin maliyyələşdirilməsi üzrə faiz dərəcələrinin dinamikasını izləmək üçün istifadə olunur. İndekslərin hesablanmasında Blumberq ticarət platformasında Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları arasında milli valyutada müxtəlif müddətlər üzrə bağlanan əqdlərdən istifadə edilir.
İndeks bank sektorunun likvidliyinin vəziyyətini qiymətləndirmək üçün də vacibdir və Mərkəzi Bank 2022-ci ildən faizləri işə salması yolunda bu indekslə bağlı faizlə bağlı press-relizlərəinə də daxil edib. Sonuncu 18 dekabr iclasında Mərkəzi Bank bildirmişdi ki, noyabr ayında və dekabrın ötən dövründə 1D AZIR indeksi “faiz dəhlizinin daxilində” formalaşıb.
Xatırladaq ki, Mərkəzi Bank 02.05.2024 tarixindən etibarən faiz dəhlizinin aşağı həddini 6.25%, yuxarı həddi 8.25%, əsas olan uçot faiz dərəcəsini isə 7.25% müəyyən edib. Həmin tarixdən bəri faizlərə toxunmayıb.
Qeyd edək ki, AZIR indeksi 5 dekabrda 7.91 faizə qədər artmışdı ki, bu da indiyə qədər olan maksimum idi.
Bakı Fond Birjasında qiymətli kağızların girov qoyulması ilə götürülən 1 günlük Banklararası kredit faizləri isə sonuncu dəfə dekabrda 7.7 faiz təşkil edib.