Böyük Britaniyanın lüks avtomobil istehsalçısı “Rolls Royce” elit müştəriləri üçün fərdi avtomobillərə daha çox diqqət yetirmək, “Goodwood” zavodunu genişləndirmək məqsədilə 300 milyon funt sterlinq (376 milyon dollar) sərmayə yatıracağını elan edib.
Bu avtomobillər qızıldan hazırlanmış heykəllərdən tutmuş mirvari incilərlə bəzədilmiş sənət əsərlərinə qədər müxtəlif fərdi dizayn elementlərini özündə əks etdirə bilər. Digər lüks avtomobil istehsalçıları kimi “Rolls Royce” da zəngin müştərilər arasında fərdi avtomobillərin xüsusi dizaynına olan tələbatın əhəmiyyətli dərəcədə artdığını müşahidə etdiyini bildirib.
Təkcə 2024-cü il ərzində “Rolls Royce”un sənətkarları möhtəşəm əl işləri ilə diqqət çəkib. Bu işlərə 18 karatlıq qızıldan hazırlanmış heykəllər, 869 min 500-dən çox tikişdən ibarət unikal tikmələr, 500 xüsusi formalı taxta hissədən ibarət taxta örtüklər və holoqrafik boya örtükləri daxildir.
Şirkətin sözlərinə görə, bu sərmayə 2003-cü ildə zavodun açılmasından bəri ən böyük sərmayədir. Həmin vaxt zavodda 300 nəfər çalışırdı və hər gün bir avtomobil istehsal edilirdi. Hazırda “Goodwood” zavodu 2 min 500 nəfər işçi ilə gündəlik 28 avtomobil istehsal edir.