13.01.2025-ci il tarixində Bakı Fond Birjası ilə “Troni İnvestisiya Şirkəti” QSC arasında ABB-nin (“Azərbaycan Beynəlxalq Bankı” ASC) AZ1004004581 dövlət qeydiyyat nömrəli səhmləri üzrə marketmeyker müqaviləsi bağlanıb və marketmeykerlərin sayı 4-ə yüksəlib.
Banker.az xəbər verir ki, bu barədə BFB məlumat yayıb.
Qeyd etməliyik ki, marketmeyker qiymətli kağızlar bazarında aktiv şəkildə qiymət təklifi verərək bazarda likvidliyi təmin edən maliyyə vasitəçisidir. O, müəyyən qiymət dəhlizi çərçivəsində həm alış, həm də satış təklifləri təqdim edir. Beləliklə, investorlar istədikləri zaman səhmləri almaq və ya satmaq imkanına malik olurlar. Marketmeykerlər bu xidməti yerinə yetirərkən alış və satış qiymətləri arasındakı fərqdən (“spread”) gəlir əldə edirlər.
Bu müqavilə ilə “Troni İnvestisiya Şirkəti” QSC adıçəkilən səhmlər üzrə təkrar bazarda gündəlik olaraq 10% və ondan çox olmayan qiymət dəhlizi çərçivəsində alış və satış qiymətlərini müəyyən edir, eyni zamanda Birjanın ticarət sistemində öz adından 50 min manat ekvivalentindən az olmayaraq alış və satış sifarişləri yerləşdirir.
Hazırda ABB ölkə tarixində ilk dəfə səhmlərin təkrar bazarda alış-satışını məsafədən, yəni mobil tətbiqdən öz proqram təminatı ilə təmin edə bilir.
Bununla da “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmləri üzrə marketmeykerlərin sayı “Unicapital İnvestisiya Şirkəti” ASC, “INVEST-AZ İnvestisiya Şirkəti” QSC və “Troni İnvestisiya Şirkəti” QSC olmaqla 3-ə çatmışdır.
ABB 2024-cü ildə 322 milyon ədəd yeni səhm buraxılışı həyata keçirib. Hər bir səhm 0.27 manat nominal dəyərə malik olub və ümumi emissiya həcmi 86.94 milyon manat təşkil edib.
Səhmlərə abunə yazılışı 11 iyun – 10 sentyabr 2024-cü il tarixləri arasında aparılıb. Yerləşdirmə prosesi isə 17 sentyabr – 24 sentyabr 2024-cü il tarixləri arasında baş tutub.
Bu emissiya nəticəsində bankın nizamnamə kapitalında özəl investorların payı 7.8%-ə yüksəlib, dövlətin payı isə 92.18%-ə enib.