7 C
Baku
Thursday, January 16, 2025

XİN: Rusiya da Azərbaycan kimi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı həqiqətləri bilmək istəyir

“Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması zamanı vətəndaşları həlak olan və xəsarət alan bütün ölkələr hadisənin səbəbləri barədə həqiqəti bilmək istəyir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Mən bilirəm ki, təkcə yaxınlarını itirməklə faciənin bir hissəsinə çevrilənlər deyil, həm də hər bir Azərbaycan vətəndaşı həqiqəti bilmək istəyir. Deyə bilərəm ki, bu həqiqət Rusiya üçün də çox vacibdir. Düşünürəm ki, indi həqiqəti tapmaq üçün səyləri birləşdirmək məqsədilə hər şey edilməlidir”, – o bildirib.

M.Zaxarova vurğulayıb ki, bu gün KİV, sosial şəbəkələr və s. vasitəsilə “destruktiv məqsədlərlə” çoxsaylı təsir cəhdləri müşahidə etmək mümkündür.

“Bu, bəlkə də istintaqı başqa istiqamətə yönəltmək, insanlar arasında nifaq salmaq, onları qarşı-qarşıya gətirmək üçün edilir. Bunun növbəti nümunələrindən biri Rusiya XİN başçısı Sergey Lavrovun guya Azərbaycan diplomatlarına ünvanladığı məktubdur”, – XİN nümayəndəsi bildirib və qeyd edib ki, bunun arxasında “Azərbaycan və Rusiyanın müttəfiqlik münasibətlərinə zərbə vurmağa çalışan qüvvələr” dayanır.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər