Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətinin rəisi vəzifəsində çalışmış və nazirliyin tabeliyində olan hərbi hissələrdə mənimsəmə faktına görə həbs edilən Cəbrayıl Orucovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Cəbrayıl Orucov 2 il vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı R.Orucovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Cəbrayıl Orucov Müdafiə Nazirliyində ümumilikdə 143 milyon manat mənimsəmədə təqsirləndirilən nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesində şahid qismində ifadə vermişdi.
Ötən müddətdə Cəbrayıl Orucov dövlət büdcəsinə vurulmiş ümumi ziyanın özünə çatan hissəsini ödəməyib.
Xatırladaq ki, Müdafiə Nazirliyində 143 milyon manat mənimsəmədə təqsirləndirilən şəxslər hər biri iki il müddətə maddi və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilib. Bundan başqa Nizami Məmmədov və Bayram Bayramov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.