10 C
Baku
Sunday, January 19, 2025

Sahibkarlıq fəaliyyəti (lisenziyalar, təminatlar və sanksiyalar)

Mövzu ilə əlaqədar qeyd etmək lazımdır ki, mülki və vergi qanunvericiliyində sahibkarlıq fəaliyyətinə eyni anlayış verilmişdir. Buna müvafiq olaraq sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Onu da nəzərə alaq ki, ölkə Konstitusiyasına əsasən hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.
Dövlətin sahibkarlığa münasibətdə tənzimləməsi ilə bağlı ali hüquqi sənəddə dövlətin sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirməsi ifadə edilmişdir.

Göründüyü kimi sahibkarlıq şəxsin təkbaşına yaxud başqaları ilə birgə fəaliyyətidir. Daha da konkretləşdirsək sahibkarlıq fəaliyyəti fiziki şəxsin özünün yaxud hüquq şəxs kimi başqaları ilə birgə fəaliyyətini ehtiva edir.

Dövlət isə sahibkarlıq fəaliyyətinə dəstək verir. Bundan irəli gələrək nümunə olaraq vergi qanunvericiliyində qeyd edilmişdir ki, vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Şəxs sahibkarlıq fəaliyyətini imkanları, qabiliyyəti və ya əmlakından istifadə edərək həyata keçirə bilər. Sahbkarlıq fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş istiqamətlər üzrə həyata keçirilə bilər. Ölkə qanunvericiliyi qanunsuz sahibkarlığı qadağan edir. Belə ki, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Bu göstərilənlərlə əlaqədar olaraq həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda (əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ) gəlir əldə etməklə törədildikdə bu əməl cinayət məsuliyyətinə səbəb olur və qanunveriliklə sərt cəza tədbirləri (cərimə, islah işləri, azadlıqdan məhrum etmə) müəyyən edilmişdir.
Qeyd olunanlardan da məlum olur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər bu fəaliyyət növü üçün icazə və ya lisenziya tələbi mövcuddursa, bu tələbi yerinə yetirdikdən sonra fəaliyyətə başlaya bilər.

Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər əvvəla dövlət qeydiyyatının həyata keçirilməsi üçün vergi reyestri baxımından fəaliyyət kodunu seçir.
Həmçinin anlayışlardan da göründüyü kimi sahibkarlıq fəaliyyəti iqtisadi fəaliyyət növləri üzrə təsnifatda göstərilənlər üzrə aparıla bilər. Onu da qeyd edək ki, ölkəmizdə bu fəaliyyət növlərinin təsnifatı sonuncu dəfə 2008-ci ildə təsdiqlənmişdir.

Müəllif:  Şəhriyar Həbilov

Son xəbərlər
Digər xəbərlər