Yeni araşdırmaya görə Leyboristlər Partiyasının hakimiyyətə gəlməsindən bəri hər 45 dəqiqədə bir milyonçu Britaniyanı tərk edir.
Ekspertlər bu axını maliyyə naziri Reyçel Rivzin mübahisəli büdcə siyasəti ilə əlaqələndirirlər. Araşdırmanın nəticəsinə görə, ötən il Britaniya 10 min 800 milyonçusunu itirib. Bu, 2023-cü ilə nisbətən 157 faiz artım deməkdir. Britaniyanı tərk edənlər arasında 78 sentimilyonçu (ən azı 100 milyon funt-sterlinq sərvətə malik olanlar) və 12 milyarder də var. Onlar əsasən İtaliya, İsveçrə və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrə köçüblər.
“New World Wealth” analitika şirkətinin məlumatına görə, seçkilərin elan olunmasından sonra bu axın daha da sürətlənib. Mütəxəssislər bu tendensiyanı yüksək vergi və iqtisadi siyasətlərin zənginlər arasında narazılıq yaratması ilə izah edirlər.