Latviyanın hakim sağ mərkəzçi “Yeni Birlik” Partiyası Seymə (parlament) Rusiya və Belarus vətəndaşlarına Baltikyanı respublikada daşınmaz əmlak almağı qadağan edən qanun layihəsi təqdim edib.
Bu barədə “Delfi” portalı məlumat yayıb.
Bildirilir ki, qanun layihəsinin məqsədi “dövlət maraqlarına zidd olan təhlükəli fəaliyyətin və sanksiyalardan yayınmanın qarşısını almaqdır”. Qadağa Rusiya Federasiyası və Belarusda qeydiyyatdan keçmiş və ya təsisçiləri bu ölkələrin vətəndaşları olan hüquqi şəxslərə də şamil edilir. Lakin məhdudiyyətlər Avropa İttifaqının daimi sakini statusu olan və ya Latviyada daimi yaşamaq icazəsi almış şəxslərə təsir etməyəcək.
“Son illərdə biz Rusiya və Belarusun Latviyada öz xarici siyasət məqsədlərini həyata keçirmək və ya hibrid hücumlar təşkil etmək imkanlarını məhdudlaşdırmaqla, təhlükəsizliyi və milli suverenliyini gücləndirmək üçün məqsədyönlü işləyirik. Bu qanun layihəsi mümkün risklərdən qorunmağı təmin etmək istiqamətində daha bir addımdır”, – deyə hakim partiyanın parlament fraksiyasının rəhbəri bildirib.