Azərbaycanda faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın uçot faiz dərəcəsinə dair press-relizində bildirilir.
Bildirilir ki, Mərkəzi Bank qanunvericiliklə müəyyən olunmuş mandatına uyğun olaraq qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir.
“İnflyasiya təzyiqlərinin azalacağı və inflyasiya gözləntilərinin sabit qalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər”, – deyə məlumatda bildirilib.
2024-cü ilin dekabr ayında 12 aylıq inflyasiya 4.9% olub. İllik qiymət artımı ərzaq malları üzrə 5.5%, qeyri-ərzaq malları üzrə 2.4%, xidmətlər üzrə 6.3% təşkil edib. İllik baza inflyasiya 4.4% olub.
“Bununla yanaşı, Mərkəzi Bank inflyasiya hədəfinə nail olunması ilə bağlı mümkün risklərin reallaşması halında müvafiq şəkildə reaksiya verəcəkdir”, – deyə əlavə olaraq bildirilir.
Qeyd edək ki, Mərkəzi Bank uçot faiz dərəcəsini bu gün sabit saxladı və 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.5%, 2026-cı ildə 3.8% ətrafında olacağı gözlənilir. Öncəki proqnozda 2025-ci il üçün 5.8% inflyasiya proqnoz edilmişdi.