“Brand Finance Global 500” illik araşdırmasına görə, “Apple” ikinci il dalbadal dünyanın ən dəyərli markası olub. Bildirilir ki, “Apple”ın dəyəri bir il ərzində 11% artaraq 574.5 milyard dollara çatıb.
Reytinqdə ikinci yeri 35% artım nümayiş etdirən “Microsoft” (461.1 milyard dollar), üçüncü yeri “Google” (+24%, 413 milyard dollar), dördüncü yeri isə “Amazon” (+15%, 356.4 milyard dollar) tutur.
“Walmart” brendi altıncı yerdən beşinci yerə yüksəlib – onun dəyəri 42% artaraq 137.2 milyard dollara çatıb.
Ən bahalı markalar onluğuna həmçinin “Samsung” (110.6 milyard dollar), “TikTok” (105.8 milyard dollar), “Facebook” (91.5 milyard dollar), “Nvidia” (87.9 milyard dollar) və “State Grid Corporation of China” (85.6 milyard dollar) daxildir.
Avropanın ən dəyərli markası “Deutsche Telekom” (+16%, 85.3 milyard dollar) seçilib.
“Instagram” 12-ci yerdə (79.9 milyard dollar), Çin bankları “ICBC” və “China Construction Bank” isə 79.1 milyard dollar və 78.4 milyard dollar rəqəmlərlə müvafiq olaraq 13 və 14-cü yerdə qərarlaşıb.
Yapon brendləri arasında “Toyota” lider olub (+23%, 64.7 milyard dollar).
Hesabatda qeyd olunur ki, ilk 500-lüyə 193 Amerika brendi daxildir ki, bu da ümumi dəyərin yarısından çoxunu təşkil edir. Reytinqdə Çin 69, Almaniya 27 brendlə (ümumi dəyərin müvafiq olaraq 15%-i və 6%-i) təmsil olunub.
“Brand Finance”in məlumatına görə, dünyanın 500 ən dəyərli brendinin ümumi dəyəri son bir ildə 10% artaraq 9.5 trilyon dollara çatıb.