Təhlükə potensiallı obyektlər vahid dövlət reyestrində qeydiyyata alınacaq.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Eyni zamanda layihəyə əsasən, əhali və ətraf mühit üçün təhlükə yaradan təhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab ediləcək.
Qüvvədə olan qanuna əsasən, əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir.