9 C
Baku
Wednesday, January 22, 2025

Azyaşlı uşaqlara görə gəlir vergisi üzrə güzəşt kimlərə verilir?

Ailəliyəm, 2 azyaşlı övladım var. Həyat yoldaşım işləmir. Əməkhaqqından gəlir vergisi hesablanarkən 50 manatlıq vergi güzəşti hüququndan istifadə edə bilərəmmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı aylıq gəliri 50 manat məbləğində azaldılır. Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin isə 23 yaşa çatdığı ilin sonunadək saxlanılır.

Qeyd olunub ki, Vergi Məcəlləsinin 102.6-ci maddəsinə uyğun olaraq, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), qanuna əsasən tam dövlət təminatında olan şəxslər himayədə olanlara aid edilmirlər.

Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq olunur və yalnız fiziki şəxsin əsas iş yerində həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda, vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsi və Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Son xəbərlər
Digər xəbərlər