“TikTok” sosial şəbəkəsinə sahib olan “ByteDance” şirkəti 2025-ci ildə süni intellekt (AI) infrastrukturuna 12 milyard dollardan çox pul xərcləməyi planlaşdırır, “Financial Times” yazır.
Xüsusilə, şirkət Çindən süni intellekt çiplərinin alışı üçün cari ildə 40 milyard yuan (5.5 milyard dollar) büdcə ayırıb. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur.
Mənbələrə görə, Pekin rəsmi olaraq Çinin texnologiya şirkətlərinə çiplərinin ən azı 30%-ni yerli təchizatçılardan almağı tövsiyə edib.
“ByteDance” həmçinin “Nvidia” çiplərindən istifadə edərək süni intellekt modellərinin hazırlanması üçün xarici infrastruktura təxminən 6.8 milyard dollar sərmayə qoymağı planlaşdırır. Bununla belə, bu investisiyalar ABŞ-nin ixrac məhdudiyyətləri səbəbindən çətinliklərlə üzləşə bilər, qəzet qeyd edir.
Xatırladaq ki, 2023-cü ildən etibarən Çin şirkətləri “Nvidia” çiplərini ABŞ-dən kənarda ala bilmirlər, yalnız məlumat mərkəzləri operatorları ilə icarə müqaviləsi əsasında əldə edirlər.
“ByteDance” ən çox “Nvidia” çiplərini alan şirkətlər sırasındadır. “Omdia”nın məlumatına görə, “ByteDance” keçən il Amerika şirkətinə təxminən 230 000 çip sifariş edib.
2024-cü ilin ilk doqquz ayında “Nvidia”nın Çindəki (Honkonq daxil olmaqla) gəliri 11.6 milyard dollar təşkil edib ki, bu da ümumi gəlirin təxminən 13%-dir.
“ByteDance” 2023-cü ilin avqustunda “Doubao” çat-botunu təqdim edib. O, Çində ən populyar süni intellekt proqramıdır. Ötən ilin dekabr ayına olan məlumata görə, onun aylıq aktiv istifadəçilərinin sayı 71 milyon olub.