Növbəti illər ərzində qlobal iqtisadiyyatda tətbiq olunacaq siyasətlər hər bir ölkənin özünün ərzaq təhlükəsizliyini daxili istehsal hesabına təmin etməyi zəruri edir. Aşağıdakı cədvəl 2024-cü il ərzində ölkəyə idxal olunan əsas malların miqdar və statistik dəyərlərini əks etdirir. Ölkədən kərə, bitki yağları, süd və qaymaq üçün ölkədən 400 milyon dollar valyuta çıxıb. Əhalimizin sayını, iqlimi, ölkəmizin maldarlıq sahəsində ənənəvi keçmişini nəzərə aldıqda bu rəqəm yüksəkdir. Digər tərəfdən isə bu rəqəm hazırda ölkəmizdə istehsalla məşğul olan istər fabriklərimiz, istər idxalçılarımız, istərsə də fərdi fermer təsərrüfatlarımıza istehsal üçün böyük potensial bazarın mövcud olduğunu göstərir. İş adamları ilə olan söhbətlər, ölkədə bu sahədə mövcud düşüncələr və bəzi media orqanlarının iqtisadi məsələlərdə qeyri-müəyyən, bəzən ölkənin iqtisadi siyasəti və inkişafına qarşı yönələn siyasətini təhlil etdikcə ciddi risklərin olduğunu böyük narahatlıq hissi ilə müşahidə etməkdəyik. Konkret olaraq potensial imkan, yanlış düşüncə və risklərə keçək:
– Hər bir ölkənin valyutasının gücü istehsalın, ixracın böyüklüyü və həcmi ilə ölçülür. İstehsal məşğulluq, idxaldan asılılığın minimum olması deməkdir. Ərzaq istehsalı isə daha zəruridir, vacibdir və ərzaq təhlükəsizliyinin 1 nömrəli şərtidir. Növbəti illərdə qlobal iqtisadiyyatda gözlənilən trendlər qiymətlərin, risklərin artacağını, bəzi ölkələrdə müxtəlif səbəblərdən istehsalın (konkret misalda kərə yağının) azalacağını göstərir. Qiymətlər artsa həmin 400 milyon dollar gələn illərdə hər il 500-600 milyon dollara çata bilər ki, bu da ölkədən lüzumsuz valyuta axını deməkdir. Ən yaxşı halda belə bu göstərici dəyişməz qalacaq. Böyük itkidir. Digər tərəfdən isə bu potensial bazardan daxili istehsalçıların istifadə etməmələri deməkdir;
– Güclü istehsal və ixracyönümlü iqtisadiyyatları olan ölkələrin iqtisadi inkişaf tarixlərini öyrəndikdə görürük ki, istehsalın genişlənməsi üçün əsas drayverlərdən biri də daxili istehlak mədəniyyəti, daxili istehsalın təəssübkeşliyidir. Əgər türk qardaşlarımız dünyanın hansı nöqtəsində olmalarından asılı olmayaraq Türk Hava Yolları ilə uçmağa çalışırlarsa, türk məhsullarından istifadəni iqtisadiyyatlarına töhfə kimi dəyərləndirirlərsə, Azərbaycanda yaşayan bir alman (şahidi olduğum hadisədir) özünə ütü lazım olduqda bütün şəhəri gəzib məhz alman ütüsü axtarırsa bu bir mədəniyyətdir. Bizim düşüncələrimzdə bu kültürün inkişaf etdirilməsinə ehtiyac vardır. Biz isə əksinə, yerli məhsulu təbliğ edən şəxsi linç etməyə çalışırıq, bəzi media orqanları bu məsələdə əhalini məqsədyönlü və fəal şəkildə yerli istehsala qarşı, yerli istehsalın müxtəlif vasitələrlə təbliğ edənlərə qarşı qoymağa çalışırlar;
– Qeyd etdiyim kimi, yerli istehsalın təbliği və istehlak mədəniyyətinin formalaşması, yerli istehsaldan maksimum istifadəyə çalışmaqla yerli sahibkara dəstək olmaq, məşğulluğun artırılmasına töhfə vermək istiqamətində təbliğat, maarifləndirmə fəaliyyətini həyata keçirmək medianın da əsas vəzifələrindən biridir. Vicdanlı hər bir vətəndaşın vəzifəsi, vicdani borcudur. Burada narahat edən və ciddi risklərdən biri budur ki, bəzi media orqanları öz verilişlərində yerli istehsalı gözdən salmaq siyasətinə yol verirlər. Bəlkə iqtisadi savadın olmaması səbəbindən bilməyərəkdən belə edilir. Ola bilər. Təsəvvür edək ki, ABŞ-nin CNN kanalı öz vətəndaşlarına ABŞ şirkəti olan Apple məhsullarının baha olduğunu, bu səbəbdən onları almağın doğru olmadığını, digər ölkələrin daha ucuz kompüter və telefon məhsullarını almağın daha doğru olduğunu təbliğ edərsə, bu kanalı 24 saata ABŞ hökuməti ciddi şəkildə cəzalandırar. Hələ Cənab Trampı demirəm. O 24 saata ya üzr istətdirər, ya bağlatmaq məsələsini qaldırar. Düşünürəm ki, ABŞ vətəndaşları da, Senat və Konqres də bu təşəbbüsü məmnuniyyətlə dəstəkləyər. Çünki belə mövqe sərgiləmək faktiki olaraq iqtisadi cinayətdir. Demokratiya başqa, ölkənin iqtisadi vəziyyətinə birbaşa mənfi təsir göstərəcək təbliğatın aparılaraq anarxiyaya yol verilməsi başqadır;
– Bazar iqtisadiyyatında yaşayırıq. İstehsal edən sahibkarlardır, istehlak edən əhali. Əgər sahibkarlar narahat olsalar ki, yüksək investisiya tutumlu kərə yağı istehsalı (mən istehsal dedikdə südçülük, kərə yağı istehsalının A-dan Z-yə qədər klasteri, ekosisteminin bütövlükdə təşkilini nəzərdə tuturam), yəni təklif istehlakla yəni tələblə təmin olunmasa o investisiya riskli olar. Biz cəmiyyət olaraq sahibkarlarımıza əminlik hissi verməliyik. Biz media olaraq istehsalla məşğul olan sahibkarlarımızın yanında olduğumuzun mesajını verməliyik. Hazırda dövlət zatən istehsala üstünlük verdiyinin mesajını müxtəlif təşviq mexanizmlərini təklif etməklə verir;
– Biz kiçik istehsal müəssisələrimizi aşağılamayaq. Onlara yuxarıdan aşağı baxmayaq. Bu gün bütün dünyanın istehlak etdiyi Çin, Tayvan, Honkonq (Honk Kong), Cənubi Koreya məhsullarının istehsalı vaxtilə kiçik zirzəmilərdə başlayıb. Apple şirkəti kiçik bir avtomobil qarajında, Microsoft isə 1 otaqlı mənzildə başlayıb. Facebook-un tarixini haqqında çəkilmiş filmdən bilirsiniz;
– Yanlış bir fikir var. Yerli məhsullar daha az keyfiyyətlidir. Vaxtilə Cənubi Koreya hökuməti Hyundai, KİA, Daewoo markalı avtomobillərə satınalmalarda üstünlük verəndə və ya daxili istehlakını təşviq edəndə bəziləri tənqid edirdilər ki, daha keyfiyyətli Yapon avtomobillərinə deyil, daha aşağı keyfiyyətli yerli maşınlara niyə üstünlük verək? O zaman istehsal və ixracın mahiyyətini anlayan iqtisadçılar və media istehsal və ixracın ölkənin gələcəyi olacağını, bu gün alaraq uduzduğunuzu düşündüyünüz məhsulların ölkənin iqtisadi gələcəyini təmin edəcəyini bildirəndə idxal tərəfdarları az qala gülürdülər. Bizdə keyfiyyətli ərzaq istehsal edən yerli istehsalçılar var. Hər birimiz tanıyırıq. Sadəcə o istehsalları genişləndirmək hər birimizdən asılıdır;
– Daha yanlış bir fikir. İdxal məhsulu ucuzdursa, mən niyə nisbətən daha bahalı yerli məhsul alım? Yerli məhsul o halda baha olur ki, dövriyyəsi az olur, maya dəyəri yüksək olur. Əgər yerli məhsulun istehlakı yüksək olarsa, marja, maya dəyəri aşağı düşəcək, nəticədə qiymətləri idxal məhsullarına qarşı rəqabətli olacaq. Bu mərhələdə dövlət də müxtəlif proteksionist siyasət alətlərini aktivləşdirərək yerli istehsalı idxal təzyiqinə qarşı qoruyur. İstehlak zəif olduqda isə sahibkar da yüksək risk altında qalır, dövlət də ərzaq təhlükəsizliyini risk altına salmamaq üçün proteksionist siyasət alətlərindən istifadə etməyə çəkinir. Deməli, daha yüksək istehlak, yerli məhsul təəssübkeşliyi qısa müddətdə nisbətən baha başa gələ bilər, amma orta və uzun müddətdə daha ucuz və keyfiyyətli yerli məhsul (daha çox satış genişlənmə, investisiya, yüksək texnologiyaların tətbiqi, peşəkar işçi heyətinin cəlbi deməkdir), məşğulluq, daha çox büdcə daxilolmaları, idxalın azalması və ölkədən daha az valyuta çıxışı, ixrac olunarsa ölkəyə valyuta gəlişi, nəhayət daha güclü iqtisadiyyat və rifah deməkdir;
Əziz və dəyərli media əməkdaşları! Bu işdə bizim də üzərimizə böyük məsuliyyət düşür. Reytinq, ucuz şou və qalmaqalı məişət məsələləri, kriminal hadisələr üzərində də qazanmaq olar. Amma iqtisadiyyatımızı, gələcəyimizi ucuz ambisiya və reytinqə alət etməyək! Tanıdığım, dəyər verdiyim və hörmət etdiyim, sosial şəbəkə və həyatda dostluq etdiyim media təmsilçilərimiz iqtisadiyyatın hər birimizin düşündüyündən qat-qat ciddi və dərin məsələ, elm olduğunu gözəl bilirlər. Problem bunu bilməyənlərlə bağlıdır! Bunu bilməmək isə acı rişxənd və ironiya doğurur!
Seçim özümüzdədir. Bu gün bəh-bəhlə 5-10 manata aldığımız idxal məhsullarını bir neçə il sonra hətta 15-20 manata tapmaqda çətinlik çəkə bilərik. Çünki, ərzaq məsələsində hər hansı istehsalçı ölkə hər hansı risk gördüyündə ixraca limit qoyur. Bu isə vaxtında yerli istehsalı düşünməyib, bəyənməyib, yerli istehsalı təbliğ edənlərə rişxənd edən, idxala arxayın olan, ucuz variantlarla idxalı dəstəkləyənləri alqışlayan bir cəmiyyət üçün çox baha başa gəlir!
Müəllif: Elman Sadıqov, iqtisadçı-ekspert