“BlackRock”un baş direktoru Larri Fink Davosda keçirilən forumda bildirib ki, qlobal investisiya fondları öz portfellərinin 2-5%-ni kriptovalyutaya yatırsalar, bitkoin 700 000 dollara qədər yüksələ bilər.
Fink qeyd edib ki, o, son illərdə kriptovalyuta bazarları haqqında daha çox məlumat əldə etdikdən sonra onun “qorxu valyutası” olduğu və hedcinq vasitəsi kimi istifadə oluna biləcəyi qənaətinə gəlib. “BlackRock” rəhbərinin sözlərinə görə, öz milli valyutalarının devalvasiyasından qorxan investorlar bitkoinə sərmayə qoya bilər və bu aktiv onlara “yerli qorxuları dəf etməyə” imkan verəcək.
Fink əvvəllər rəqəmsal aktivlərə şübhə ilə yanaşırdı və 2018-ci ildə “BlackRock” müştərilərinin kriptovalyutalara marağının olmadığını söyləmişdi. İndi forumda çıxış edən Fink, investisiya vasitəsi kimi bitkoinin “güclü tərəfdarı” olduğunu deyir. Eyni zamanda o, kriptovalyutaların yüksək volatilliyə malik aktiv olduğunu xatırladıb.
Bitkoin – blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir. Konsepsiya 2008-ci ilin noyabrında Satoshi Nakamoto tərəfindən nəşr edilmişdir. Bitkoinin populyarlığı yalnız son illərdə zirvəyə çatmışdır.