10 C
Baku
Thursday, January 30, 2025

Banklar keçən il aktivlərini 53 mlrd. manata çatdırıblar – İCMAL

Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 53 mlrd. 1.4 mln. manat, cəmi öhdəlikləri 46 mlrd. 383 mln. manat, balans kapitalı 6 mlrd. 618.4 mln. manat olub.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının statistik bülletenində bildirilir.

2024-cü il ərzində bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 7.8%, 7.6% və 9.2% artıb.

Kredit portfelinin artımı cari ilin dekabr ayında da davam edib. Hesabat ayında bankların kredit portfeli 0.4% və ya 109.5 mln. manat artaraq 27 mlrd. 477.7 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 53.8% (14 mlrd. 787.2 mln. manat); ıı) istehlak kreditləri – 30.7% (8 mlrd. 445 mln. manat) və ııı) ipoteka kreditləri – 15.5% (4 mlrd. 245.5 mln. manat). Ümumilikdə, 2024-cü ildə bankların kredit portfeli mütləq ifadədə 4 mlrd. 294.7 mln. manat (o cümlədən, biznes kreditləri 2 mlrd. 170.4 mln. manat, istehlak kreditləri 1 mlrd. 508 mln. manat, ipoteka kreditləri 616 mlrd. 4 mln. manat) artıb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.5% təşkil edib.

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.3%-i və ya 37 mlrd. 696.6 mln. manat. 2024-cü ilin dekabr ayında bankların depozit portfeli 7.1% və ya 2 mlrd. 504.6 mln. manat artıb. Depozit portfelinin 62.1%-i (23 mlrd. 397.5 mln. manat) hüquqi şəxslərin, 37.9%-i (14 mlrd. 299.1 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Fiziki şəxslərin əmanətlərinin 65.7%-i (9 mlrd. 400.1 mln. manat) milli valyutada, 34.3%-i (4 mlrd. 899 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60.1%-i (8 mlrd. 600.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri dekabr ayında 2.7% və ya 229.4 mln. manat artıb. Hüquqi şəxslərin tələbli depozitləri 17 mlrd. 580.3 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.1%-ni təşkil edib.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması hesabat ayında 0.5 faiz bəndi azalaraq 33.6% təşkil edib.

2024-cü il ərzində banklar 1 mlrd. 044.3 mln. manat xalis mənfəət, 1 mlrd. 663.2 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edib.

31 dekabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 485, şöbələrinin sayı 88, ATM-lərin sayı 3 230 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.6% və ya 144 nəfər artaraq 25363 (ilin əvvəlindən 7.6% və ya 1 794 əməkdaş) nəfər təşkil edib.

Son xəbərlər
Digər xəbərlər