12 C
Baku
Friday, January 31, 2025

Ağ Ev kriptoları şişirdir və bu, bir gün pis partlayacaq: Hedc-fonddan xəbərdarlıq

“Elliott Management” fondu Tramp administrasiyasının kriptovalyutalara dəstəyinin spekulyativ buma səbəb ola biləcəyindən və qiymətlərin çökməsi halında bazarda xaos yaradacağından narahat olduğunu bildirib. Banker.az xəbər verir ki, bu barədə “Financial Times”in əldə etdiyi məktubda bildirilir.

İnvestorlar ABŞ hökumətinin qiyməti kəskin şəkildə artan, amma real dəyəri olmayan aktivlərə hədsiz həvəs göstərməsini tənqid edirlər. Onlar həmçinin ABŞ dollarına rəqib ola biləcək kriptovalyutaları dəstəkləyən siyasətdən narazılıqlarını ifadə edirlər.

İnvestorların fikrincə, “Elliott Management” fondu indiki kimi bazarı heç vaxt görməyib. Onlar hesab edirlər ki, investorlar məsuliyyətli sərmayədarlar kimi deyil, idman mərc oyunlarında iştirak edənlər kimi davranırlar.

“Kriptovalyutalar təkcə ölçüsünə görə deyil, həm də Ağ Evə yaxın olduğu ehtimal edilən əlaqələrə görə bazarlarda spekulyativ artımın başlanğıc nöqtəsinə çevrilib”, – deyə investorlar bildirirlər. Onlar kriptovalyuta köpüyünün qaçılmaz çöküşü barədə xəbərdarlıq edir və bunun miqyasını hazırda proqnozlaşdırmağın mümkünsüz olduğunu vurğulayırlar.

“Elliott Management”un təsisçisi Pol Sinqer Respublikaçılar Partiyasının uzunmüddətli sponsoru olub və 2024-cü il seçki dövründə mühafizəkar namizədlərə 56 milyon dollar bağışlayıb hedc-fond Ağ Evin kriptovalyutalara dair mövqeyini tənqid edir.

Kriptovalyutaların təhlükələri barədə əvvəllər xəbərdarlıq edən Sinqer Donald Trampın iqtisadi siyasətini də tənqid edib. Lakin son seçkilərdə o, prezidentə dəstək məqsədilə yaradılmış siyasi komitəyə 5 milyon dollar bağışlayıb.

Noyabrda Trampın seçilməsindən sonra kriptovalyuta qiymətləri kəskin şəkildə artıb. Bitkoinin qiyməti təxminən 70 000 dollardan 100 000 dollardan çox olan rekord maksimuma yüksəlib.

Andiçmə mərasimindən sonra Tramp ABŞ-ın rəqəmsal aktivlər və maliyyə texnologiyaları sahəsində liderliyinə dəstək verən, eyni zamanda iqtisadi azadlığı qoruyan fərman imzalayıb. O, həmçinin milli rəqəmsal aktiv ehtiyatının yaradılmasını qiymətləndirmək üçün işçi qrupunun yaradılmasına göstəriş verib.

“Elliott Management” məktubunda həmçinin dolların dünya ehtiyat valyutası kimi böyük üstünlüyü vurğulanır. Burada ABŞ hökumətinin digər ölkələr dollar istifadəsindən imtina etməyə çalışdığı halda alternativ valyutaların istifadəsini niyə təşviq etdiyi sual edilir.

Məktubda hər hansı seçilmiş vəzifəli şəxsin dolların “marginalizasiyasına” dəstək verməsinin son dərəcə təhlükəli olduğu vurğulanır. Bildirilir ki, kriptovalyutalara simpatiya bəsləyən siyasətçilərin seçkidə qalib gəlməsinə kömək üçün yüz milyonlarla dollar xərclənib.

Məsələn, “OpenSecrets”in məlumatına görə, hər iki siyasi düşərgədə kriptovalyutaya dəstək verən namizədlərin seçilməsinə çalışan “Fairshake” siyasi komitəsi 2023–2024 seçki dövründə 173 milyon dollar xərcləyib.

Tramp və onun oğlanları kriptovalyuta bazarları ilə əlaqələrini genişləndiriblər. Ötən il onlar “World Liberty Financial” kriptoplatformasını dəstəkləyiblər, bu ayın əvvəlində isə birinci xanım Melaniya Trampla birlikdə biznes modeli və ya pul axını olmayan kriptovalyuta növü – memkoinlər buraxıblar.

Prezidentin nəzarət payına sahib olduğu “Trump Media” şirkəti çərşənbə günü bəyan edib ki, sosial media sərhədlərini aşaraq maliyyə xidmətləri biznesinə daxil olacaq və kriptovalyutaya və digər aktivlərə 250 milyon dollara qədər sərmayə yatıracaq.

1977-ci ildə Sinqer tərəfindən təsis edilən “Elliott Management” fondu güclü aktivist-investor kimi tanınır və şirkətlərə, hətta ölkələrə qarşı məhkəmə mübarizələri aparması ilə məşhurdur.

Son xəbərlər
Digər xəbərlər