Azərbaycan Mərkəzi Bankı tərəfindən steyblkoinin buraxılması nəzərdə tutulmur.
Bunu Banker.az-ın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildiriblər.
Bununla belə tənzimləyici bildirir ki, Mərkəzi Bankın “2024-2026 Maliyyə Sektorunun İnkişaf Strategiyası” çərçivəsində virtual aktivlər və onların təminatçılarının fəaliyyətinə dair normativ-hüquqi bazanın hazırlanması planlaşdırılır.
“Yaradılacaq tənzimləmə çərçivəsi, ölkədə virtual aktivlərin, o cümlədən steyblkoinlərin hüquqi statusunu müəyyən edəcək”, – deyə AMB bildirir.
AMB ötən rübdə müraciətlər sırasından dörd innovativ məhsul seçərək xüsusi tənzimləmə rejimində məhdud şərtlərlə sınaqdan keçirmə imkanı qazanıb.
Bunlar, “PASHAPAY” MMC şirkətinin təqdim etdiyi “Kripto birja cüzdanına köçürmələr” məhsulu, “UNICAPITAL İNVESTİSİYA ŞİRKƏTİ” ASC şirkətinin təqdim etdiyi “Kriptobroker” məhsulu, “SVORT” MMC şirkətinin təqdim etdiyi “Kripto platforma” məhsulu, “MOBILE PAYMENT SOLUTIONS” MMC şirkətinin təqdim etdiyi “PortCoin kriptovalyutası” məhsuludur. Bu məhsulların məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında 6 ay ərzində sınaqdan keçirilməsi nəzərdə tutulub.
Sonuncu dəfə Taleh Kazımov press-konfransda bildirib ki, AMB bu il rəqəmsal aktivlərə dair tənzimləmənin formalaşdırılmasına fokuslanacaq.
“Hazırda bizdə rəqəmsal aktivlər üzrə tənzimləmə mövcud deyil. AMB ötən ilin sonlarından bu məsələ ilə bağlı araşdırmalara başlayıb. Bu il rəqəmsal aktivlərə dair tənzimləməyə fokuslanacağıq”, – deyə T.Kazımov bildirmişdi.
Qeyd edək ki, bundan öncə Qazaxıstan Milli Bankının sədr müavini Berik Şolpankulov Senatda keçirilən brifinqdə bildirib ki, mərkəzi bank steyblkoinin investisiya aləti kimi təqdim edilməsi imkanlarını nəzərdən keçirir.
Hal-hazırda rəqəmsal aktivlər Qazaxıstanda yalnız Astana Beynəlxalq Maliyyə Mərkəzi (AIFC) tərəfindən lisenziyalaşdırılmış kriptovalyuta birjaları vasitəsilə alına bilər, burada yalnız 10 kriptovalyuta birjası, o cümlədən “Binance”nin Qazaxıstan bölməsi olan “Bybit” və “Binance Kazakhstan” qeydiyyatdan keçib.
Steybilkoin qiyməti müəyyən bir valyuta və ya aktivə bağlı olan kriptovalyutadır. USDT (Tether) ən çox istifadə olunan steybilkoindir və onun qiymətini ABŞ dollarına bərabər saxlayır. Bu növ kriptovalyutalar bazar dalğalanmalarından qorunmaq istəyən istifadəçilər üçün sabit dəyər təmin edir.