ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə sülh planı fevralın 14-dən 16-dək keçiriləcək Münhen təhlükəsizlik konfransında təqdim ediləcək, “Bloomberg” yazır. Qeyd edək ki, ABŞ prezident administrasiyasında Ukraynadakı münaqişənin həlli ilə bağlı fikir ayrılığı var.
Trampın komandasının bir hissəsi Rusiyanın irəliləyişini dayandırmaq üçün Moskvaya təzyiq göstərməyin tərəfdarıdır. Bununla yanaşı, Ukraynaya yardımın dayandırılmasını dəstəkləyənlər də var.
“Bloomberg” yazır ki, planın özü münaqişənin dondurulmasına əsaslanır. Eyni zamanda, Ukraynaya Moskvanın münaqişəni bərpa etməsinə mane olacaq təhlükəsizlik zəmanətləri təklif olunacaq, lakin agentlik onların nədən ibarət olacağını dəqiqləşdirməyib.
Dünən, fevralın 5-də Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Ukrayna məsələsi üzrə ABŞ-Rusiya təmasları gücləndirilib. ABŞ prezidenti Donald Tramp isə Ukrayna və Rusiya rəhbərliyi ilə çox konstruktiv danışıqlar apardığını açıqlayıb.