Dünya İnkişaf Hesabatının təqdimatı Dünya Bankının apardığı kompleks araşdırmanın məcmusudur. 30 il ərzində Azərbaycan sıfırdan müasir inkişaf etməkdə olan ölkəyə çevrilməyə müvəffəq olub.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Dünya inkişafı haqqında hesabat”ın təqdimatı zamanı deyib.
O bildirib ki, Azərbaycan hazırda 54 ortagəlirli ölkələr sırasındadır.
“Bu, qısa müddətdə çox əla nailiyyətdir. Bildiyiniz kimi, 90-cı illərdə ÜDM-in yarısından çoxu itirilmişdi. 1992-ci ildə Dünya Bankı ilə əməkdaşlığa başladıqdan sonra Azərbaycan çox ciddi transformasiyadan keçib. Dünya Bankı Azərbaycanın çox ciddi tərəfdaşı olub, o cümlədən səhiyyə, kənd təsərrüfatı sahələrində layihələrin həyata keçirilməsində çox yaxından iştirak edib. Dünya Bankı gələcəkdə innovasiyaların dəstəklənməsində bizim əsas tərəfdaşlarımızdan biri olaraq qalacaq”, – deyə Ş.Mövsümov qeyd edib.