Azərbaycanda təhsilin əhatə darəsi 99 faizdən yüksəkdir.
Bunu bu gün Elm və Təhsil naziri Emin Əmrullayev Dünya Bankının (World Bank) 2024-cü il üzrə “Dünyanın İnkişafı haqqında Hesabatının” (World Development Report – WDR) Bakıda keçirilən təqdimat tədbirində deyib.
O bildirib ki, keyfiyyət baxımından erkən uşaqlıq dövründə təhsillə bağlı praktikalar çox vacibdir.
“Əlbəttə, ümumi təhsil və ali təhsil son dərəcə vacib səviyyələrdir. Bir çox hallarda siyasətçilər çox çalışırlar ki, fərqli siyasətlər qəbul edərək, yəni qısa müddətli kurslar təşkil edərək çevik nəticələr əldə edə bilsinlər. Amma təcrübəmiz göstərir ki, həqiqətən uzunmüddətli iş, təhsil effekt verir. Təəssüf ki, müəyyən sistem inteqrasiyası ilə qısa müdaxilələrlə həll etmək olur, amma, əsaslı təhsil üçün əsaslı yanaşma və vaxt tələb olunur.
Bu mənada biz çalışırıq ki, səyləri intensivləşdirək. Yaxşı xəbər ondan ibarətdir ki, 1-5 yaşında olan uşaqların ilkin təhsil səviyyəsi ilə əhatə olunması 12-15 faizdən 39 faizə yüksəlib və 50 faizə qaldırılması ilə bağlı hədəf var. Peşə və Ali təhsilə gəldikdə isə, rəqəmlərdə artım var. Burada müəyyən çətinliklər həm də onunla bağlıdır. Biz bir tələbəyə düşən maliyyələşməni artırmağa çalışırıq. Son onillik ərzində ali təhsillə bağlı statistik göstəricilər 2-3 dəfə artıbdır”,- deyə o əlavə edib.