“Apple” şirkəti özünün ən ucuz smartfon modeli olacaq “iPhone SE 4″ü bu gün təqdim etməyə hazırlaşır.
Orta seqment özəlliklərinə malik smartfonun görünüşü internetə sızdırılıb.
Yeni telefonlarda “Home” düyməsi artıq olmayacaq. “Apple” sözügedən düyməni ilk dəfə 2007-ci ildə bazara çıxardığı “iPhone” modelində tətbiq etmişdi.
2012-ci ildə çıxan “iPhone 5S” ilə birlikdə “Home” düyməsi “Touch ID” (barmaq izi sensoru) ilə təchiz edildi. Lakin “Apple” 2017-ci ildə təqdim edilən “iPhone X”da üztanıma sisteminə (“Face ID”) keçərək “Home” düyməsini ləğv etdi.
Şirkət “iPhone SE” modelində (2022-ci il) sonuncu dəfə olaraq “Touch ID” və “Home” düyməsinə yer verdi. Yeni “iPhone SE” modelində (2025-ci il) yalnız “Face ID” olacaq və barmaq izi sensoru tətbiq edilməyəcək. Bununla da şirkət “iPhone SE 4” modeli ilə 18 illik özəlliyindən imtina edir.