Sosial yığımların toplanması üzrə səlahiyyətlər DVX-ə həvalə edildikdən sonra sosial daxilolmalar son 6 ildə 2,5 dəfə artaraq 5.7 milyard manata yüksəlib.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forumda deyib.
O bildirib ki, hal-hazırda sosial sığorta fondunun büdcənin transfertlərindən asılılığı 2018-ci ildəki 35.6 faizdən azalaraq 17,5 faiz təşkil edir.
“Bu gün ölkədə 120 mindən yuxarı hüquqi şəxs fəaliyyət göstərir ki, bu da vergi ödəyicilərinin sabit inkişafda olan hissəsini ifadə edir. Son bir neçə ildə ölkədə 100 mindən artıq elektron kassa aparatı quraşdırılıb ki, bu kassalar üzrə 2024-cü ildə dövriyyə 24,5 milyard manatdan çox olub” – Xidmət rəisi əlavə edib.