0 C
Baku
Monday, February 24, 2025

Pul bolluğu və inflyasiya – Məhsul bolluğu və iqtisadi inkişaf

Hesab edək ki, 90-cı illərin ortalarındakı kimi, bütün vətəndaşlara bir vauçer paylanır və bunun bazar dəyəri 10.000 dollar dəyərində qiymətləndirilir. Məqsəd xalqın rifahını yaxşılaşdırmaqdır. Bəzi dövlətlərin bunu etməyə gücü çatsa da, niyə həyata keçirmirlər? Xalqa qarşı niyə zalımlıq edirlər?

Fərz edək ki, dövlətin ürəyi yumşalır və nəticələri gözə almadan bu vauçerləri yenidən paylayır. Hətta bu, vauçer deyil, yardım fondu şəklində nəğd pul formasında da ola bilər.

Nəticə: Qısa zamanda hər kəs sevinir — xüsusilə kasıb təbəqə. İnsanlar illərlə yığılıb qalan problemlərini həll etməyə başlayır. Dişlərini düzəltdirir, stomatoloqlarda yer tapılmır. Banka və qonşuya olan borclarını qaytarır, nəticədə pul kütləsi artdığı üçün bir müddət kreditə ehtiyac azalır və bank sektorunda durğunluq yaranır.

Maşın və elektronika bazarında canlanma başlayır, lakin mal qıtlığı səbəbindən qiymətlər sürətlə bahalaşır. Restoranlar və istirahət mərkəzləri əvvəlcə əhalinin 5%-ni ağırlamağa hazır idisə, indi insan axınını miqyası 8-10%-ə çatır. Tələbin hədsiz artımı təklifi üstələyir və qiymətlərin bahalaşmasına səbəb olur.

Orta təbəqə ehtiyatlı davranmağa çalışır, qiymət artımı onları narahat edir. Varlı təbəqə isə əsas təklif verənlər sırasında olduqları üçün daha çox sevinir. Məhsullar baha qiymətə yağ kimi satılır. Müştəri məmnuniyyəti artıq önəmli deyil, çünki tələbat onsuz da böyükdür.

Kasıb təbəqə pulu sürətlə xərcləyir, varlılar isə daha da varlanır. Orta təbəqənin isə bahalaşmadan narahatlığı artır, çünki qiymət artımı onların əvvəlki büdcə balansını pozur və kasıblaşma qorxusu yaranır.

Beləliklə, bir dəfəlik yardım bitdikdə kasıb təbəqə əvvəlki durumuna qayıdır. Varlı təbəqə daha da zənginləşir, çünki bütün pul axını onların əlinə keçir. Orta təbəqə isə maddi və mənəvi cəhətdən daha çox əziyyət çəkir. Hökumətin nəzarət və müdaxiləsi yetərsiz qalır, çünki xalq iqtisadiyyata bir müddət əl qoyur. Qiymətləri xalq tənzimləyir. Beləliklə, xalqın nəzarətinə verilmiş iqtisadiyyat qısa müddətdə çöküşə doğru gedir. Fərdlərin məsuliyyətsizliyi, fərdi qiymət artırmaları, dəyəri aşağı olan məhsula həddən artıq pul ödəmələri dövlətin iqtisadi balansını pozur.

Tarixi nümunə:

Mali hökmdarı Manisa Musa və inflyasiya

1324-cü ildə Mali hökmdarı Manisa Musa Həcc ziyarətinə gedərkən Misirdən keçir. Böyük bir müşayiətçi qrupla — 60,000 nəfərlə və 8 tona yaxın qızıl sikkələrlə səfər edir. Qahirədə Sultan əl-Məlik əl-Nasir ilə görüş zamanı Musa inanılmaz miqdarda qızıl paylayır. Məscidlərə, yoxsullara və alimlərə böyük qızıl bağışları edir.

Nəticə fəlakətli olur:

  • Qızılın həddindən artıq bolluğu: Qızılın kəskin bolluğu nəticəsində onun dəyəri düşür.
  • İnflyasiya: Malların qiymətləri — ərzaq, geyim, daşınmaz əmlak — sürətlə bahalaşır.
  • Bazarın sabitliyinin pozulması: Misir iqtisadiyyatı bu şokdan 10 ildən çox müddətdə çıxa bilmir.

Qızıl bolluğu mal bolluğuna çevrilmədiyi üçün insanlar aldıqları qızılı xərcləməyə başlayır, lakin malların sayı eyni qalır. Tələb artır, təklif sabit qalır — nəticədə qiymətlər yüksəlir. Satıcılar isə bilirlər ki, alıcılar artıq ödəməyə hazırdır, buna görə qiymətləri süni şəkildə qaldırırlar.

Qızıl o qədər bol oldu ki, artıq əvvəlki qədər dəyərli sayılmadı. İnsanlar bir kilo düyü üçün əvvəl bir qızıl dinar ödəyirdilərsə, indi satıcı deyirdi ki, “Dünən bir dinara satırdım, amma indi beş dinar ver.” Çünki qızıl artıq “dəmir pul” kimi görünməyə başlamışdı.

Göründüyü kimi, adam dövlət məmuru olub belə gözəl təkliflərlə çıxış etmək istəyir. Ancaq bu gözəl təkliflərin sonuc və nəticələrini simulyasiya edəndə ortaya çıxan nəticədən qorxub geri çəkilir. Bəs bunu necə etmək lazımdır? Necə etmək olar ki, kasıb təbəqə azalsın, orta təbəqə artsın.

Kasıb təbəqənin azalması və orta təbəqənin artması, iqtisadi ədalətsizliyin və inflyasiyanın qarşısını almaq üçün strateji və kompleks yanaşma tələb edir.

Pul paylamaq əvəzinə infrastruktur və sosial proqramlar 

Birbaşa pul paylamaq əvəzinə, dövlət iqtisadiyyata uzunmüddətli töhfə verəcək infrastruktur layihələrinə sərmayə qoymalıdır. Məsələn, yeni fabriklər, kənd təsərrüfatı layihələri, texnoloji startaplar və yerli müəssisələrin dəstəklənməsi işsizliyi azaldar və real məhsul bolluğu yaradar. İstehsal və təklifin artırılması Pul bolluğu yalnız tələbatı artırır, lakin təklif artmadığı üçün inflyasiya yaranır. Ona görə də, dövlət kiçik və orta sahibkarlara güzəştli kreditlər təqdim edərək onların məhsul istehsalını artırmasına şərait yaratmalıdır. Kənd təsərrüfatı və sənaye sektoruna xüsusi diqqət yetirilməlidir ki, bazarda mal bolluğu olsun. Sosial təbəqələrin balanslaşdırılması kasıb və orta təbəqəni iqtisadi cəhətdən gücləndirmək üçün təhsil və ixtisaslaşma proqramları lazımdır. İnsanlara yeni bacarıqlar qazandıraraq onların əmək bazarında daha yaxşı mövqelər əldə etməsi təmin olunmalıdır. Sosial müdafiə proqramları isə sadəcə qısa müddətli yardımlarla deyil, uzunmüddətli iqtisadi imkanlar yaratmaqla qurulmalıdır.

Vergi siyasətinin yenilənməsi varlı təbəqədən ədalətli vergi toplamaq və bu vəsaiti sosial və iqtisadi inkişaf layihələrinə yönəltmək mühüm addımdır. Proqressiv vergi sistemi tətbiq edilərək yüksək gəlirli şəxslərdən daha çox, aşağı gəlirli şəxslərdən isə daha az vergi alınmalıdır.

İqtisadi savadlılığın artırılması Xalqın iqtisadiyyatda katalizator rolunu daha sağlam şəkildə oynaması üçün iqtisadi savadlılıq artırılmalıdır. İnsanlar inflyasiyanın, qiymət artımının, tələb və təklifin mexanizmlərini başa düşməlidirlər. Hökumət müxtəlif maarifləndirici kampaniyalar vasitəsilə vətəndaşların iqtisadi biliklərini gücləndirməlidir. Dövlətin tənzimləyici rolunu gücləndirmək Bazar iqtisadiyyatı ilə yanaşı, dövlət qiymətlərin həddən artıq artmasının qarşısını almaq üçün tənzimləyici tədbirlər görməlidir.

Strateji məhsulların qiymət tavanlarını müəyyənləşdirmək və süni qıtlıq yaradan şirkətlərə qarşı sərt tədbirlər tətbiq etmək vacibdir. Pul emissiyasına nəzarət Dövlət nəğd pul yardımları və ya vauçer paylamadan öncə iqtisadiyyatda pul kütləsinin həcmini nəzərə almalıdır.

Yalnız məhsul və xidmət istehsalı ilə paralel artan pul axını iqtisadi balansı qoruyur.

Nəticədə: Bir ölkədə kasıb təbəqənin azalması üçün yalnız pulla rifah təmin edilə bilməz. Real iqtisadi inkişaf məhsul istehsalı, təhsil, bacarıqların artırılması və dövlətin düzgün siyasətləri ilə mümkündür. Pulun bolluğu müvəqqəti sevinc yaratsa da, davamlı iqtisadi stabillik yalnız istehsal və ədalətli bölüşdürmə ilə əldə edilə bilər.

Müstəqil Maliyyə Analitiki, Ekspert
Lətif Baxışov

 

Son xəbərlər
Digər xəbərlər