Azərbaycan Mərkəzi Bankının (AMB) antiinflyasiya siyasəti çərçivəsində məcburi ehtiyat normalarını artırması nəticəsində kommersiya banklarının ehtiyatda saxladığı vəsaitlər 2025-ci ilin ilk ayında azalıb.
Banker.az xəbər verir ki, məcburi ehtiyatların həcmi 2024-cü ilin dekabr ayında 4.986 milyard manata olduğu halda 2025-ci ilin yanvarında 4.835 milyard manat olub. Qeyd edək ki, azalmaya əsas səbəb bankların müştəri depozitlərinin yanvarda 2 faiz azalaraq 36.961 mlrd. manata düşüb. Hüquqi şəxslərin depozitləri 3.5 faiz azalaraq 22 mlrd. 575.5 mln. manata düşüb.
AMB bildirir ki, məcburi ehtiyat normalarının artırılması bank sektorundakı izafi likvidliyi sterilizasiya edərək, pul siyasətinin effektivliyini yüksəldir. Bu addım inflyasiyanı nəzarətdə saxlamaq və uçot faiz dərəcəsinin iqtisadiyyata təsirini gücləndirmək məqsədi daşıyır.
Bundan əlavə, məcburi ehtiyat normalarının tətbiqi bank sektorunda de-dollarlaşmanı dəstəkləyib. Banklararası qısamüddətli pul bazarındakı faizlərin Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində qalması və bazar faizlərinə təsir göstərməsi faiz kanalının ötürücülüyünün gücləndiyini göstərir.
Məcburi ehtiyatlar nədir?
Məcburi ehtiyatlar kommersiya bankları tərəfindən cəlb olunmuş depozitlərin mərkəzi bankda məcburi saxlanılan hissəsidir. Məcburi ehtiyat norması qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə, iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi Bank məcburi ehtiyat normasını azaltdıqda isə bunun əksi baş verir. Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 1%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 1%-ni, yəni, 10 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 990 manatını kredit resursu kimi istifadə edə bilər. Mərkəzi Bank məcburi ehtiyat normasını 1%-dən 2%-ə qaldırdığı təqdirdə isə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin yalnız 980 manatını kredit kimi verə biləcəkdir.