Heydər Əliyev Beynəlxalq Aeroportu yeni istiqamətlər və marşrut şəbəkəsinin genişlənməsi barəsində məlumat yayıb.
2 martdan etibarən “Air Astana” Bakı – Almatı marşrutu üzrə həftədə iki dəfə uçuşlar həyata keçirəcək.
Bundan başqa, 21 martdan etibarən “Fly Arystan” Bakı – Aktau marşrutu üzrə reysləri bərpa edəcək.
Bununla yanaşı, 30 martdan etibarən:
– “Pegasus Airlines” Dalaman istiqamətində müntəzəm uçuşlara başlayacaq.
– “Flynas” Bakı – Dammam marşrutu üzrə birbaşa reyslərə start verəcək.
– “Uzbekistan Airways” Bakı – Daşkənd marşrutu üzrə uçuşların sayını həftədə dörd dəfəyə qədər artıracaq.
Bununla belə, 15 aprel tarixindən “Aegean Airlines” Bakı – Afina marşrutu üzrə birbaşa reysləri bərpa edərək Yunanıstanla hava əlaqəsini yenidən açacaq. 28 aprel tarixindən isı AZAL Tivat istiqamətində birbaşa uçuşlar açacaq.
Bundan əlavə, Roma, İstanbul, Küveyt və Ər-Riyad istiqamətlərində reyslərin sayı artırılacaq. Tel-Əvivə uçuşları artıq təkcə AZAL və Israir deyil, həm də Arkia həyata keçirəcək ki, bu da sərnişinlərə daha çox seçim imkanı verəcək.
Sərnişinlər həmçinin Avropa, Yaxın Şərq və Asiyanın əsas turistik və biznes mərkəzlərinə birbaşa uçuşlardan faydalana biləcəklər. Populyar istiqamətlərə Berlin, Paris, Vyana, Barselona, Praqa, Budapeşt, Dubay, Abu-Dabi, Küveyt, Dammam, Pekin, Urumçi, Maldiv adalarındakı Male, Şarm əl-Şeyx və digər şəhərlər daxildir.