0 C
Baku
Friday, February 28, 2025

Mərkəzi Bank 2025 və 2026-cı ilin inflyasiyası ilə bağlı nə düşünür?

Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar ayında yenilənmiş proqnozlarına əsasən, ölkədə 2025-2026-cı illərdə inflyasiyanın illik səviyyəsinin hədəf 2%-6% diapazonunda qalacağı gözlənilir.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2024-cü il üçün açıqladığı Pul siyasəti icmalında bildirilir.

AMB-nin 2025-ci il üzrə inflyasiya proqnozu 5.5% təşkil edir. Bu proqnoza görə, tənzimlənən qiymətlərin, dövlət istehlakının, ev təsərrüfatlarının istehlakının və digər amillərin inflyasiyaya artırıcı təsiri olacaq. Nominal effektiv məzənnənin (NEM) isə azaldıcı təsir etməsi gözlənilir.

Qeyd edək ki, NEM ölkənin ticarət tərəfdaşlarının valyutalarına qarşı milli valyutanın orta çəkili məzənnəsini göstərir. Güclü NEM idxalı ucuzlaşdıraraq inflyasiyanı azalda bilər. AMB press-relizlərində NEM-in idxal olunan məhsulların qiymətlərinə azaldıcı təsirini dəfələrlə vurğulayıb. Yəni inflyasiya (idxal) üçün neytrallaşdırıcı barier kimi qiymətləndirilir.

Yanvar proqnozu oktyabr proqnozuna nisbətən 0.3 faiz bəndi aşağı reviziya edilib. NEM-in 2025-ci ilin sonuna 8.2% artması gözlənilir ki, bu da inflyasiya proqnozunu 0.08 faiz bəndi aşağı salacaq. Kənd Təsərrüfatı Məhsullarının İstehsalçı Qiymətləri İndeksinin (KİQİ) artım proqnozu isə aşağı düşüb, bu da inflyasiya proqnozunu 1.25 faiz bəndi azaldır.

2026-cı ilə inflyasiya proqnozu 3.8% olaraq müəyyən edilib. Bu proqnozda dövlət istehlakı, ev təsərrüfatlarının istehlakı və digər amillər inflyasiyanı artıracaq, NEM isə azaldıcı təsir göstərəcək.

AMB əlavə edir ki, inflyasiya proqnozlarının reallaşması daxili və xarici risk amillərindən asılı olacaq. Xarici risklər arasında geosiyasi gərginliklər, qlobal fraqmentasiya və ərzaq istehsalına təsir edən iqlim dəyişikliyi əsas yer tutur. Daxili risklər isə yerli xərc amilləri və məcmu tələbin artımı ilə əlaqəlidir. Dövlət büdcəsi xərclərinin artması inflyasiya təzyiqinə səbəb olmayacaq, amma büdcə xərcləri və kredit qoyuluşlarının inflyasiyaya təsirləri izlənməlidir.

AMB tərəfindən aparılan sorğularda inflyasiya gözləntiləri sektorlara görə fərqli istiqamətlərdə dəyişir. 2024-cü ilin dekabrında həyata keçirilən real sektorun monitorinqinə əsasən, xidmət və tikinti sektorlarında qiymət artımı gözlənilir. Ticarət sektorunda isə qiymət gözləntiləri mənfi qalıb. Sənayenin qeyri-neft-qaz sektorunda isə gözləntilər il ərzində dəyişkən olub və müsbət zonaya keçib.

5534534543

Son xəbərlər
Digər xəbərlər