“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Gürcüstan Dəmir Yolu” ASC Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə Azərbaycan və Gürcüstan ərazilərində inventar parkının fitinq platformalarından istifadə üçün müəyyən edilmiş tarifin 30 % azaldılması və Qazaxıstan ərazisində bu rüsumların tam ləğv edilməsi təklifi ilə “Qazaxıstan Dəmir Yolları” SC-yə (KTJ) müraciət edib.
Bu barədə TBNM Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikərimov assosiasiyanın Bakıda keçirilən iclasında məlumat verib.
“TBNM-in inkişafı üzrə işçi qrupunun 3 mart 2025-ci il tarixli iclasında KTJ marşrutla hərəkət etmək üçün vaqon parkının (fitinq platformalarının) yaradılması barədə məlumat təqdim edib. Bununla əlaqədar olaraq ADY KTJ-yə Azərbaycan və Gürcüstan ərazilərində istismar üçün inventar parkından fitinq platformalarının təqdim edilməsi xahişi ilə müraciət edib”, – Q.Abdikərimov bildirib.
O əlavə edib ki, marşrutla daşınma xərclərinin artmasının qarşısını almaq məqsədilə tərəflər Azərbaycan və Gürcüstan əraziləri üçün tarifin 30 % azaldılmasını və Qazaxıstan üçün tam ləğv edilməsini təklif ediblər.