Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılmış hərtərəfli yoxlama nəticəsində “Troni İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərini pozduğu müəyyən edilmişdir.
Banker.az xəbər verir ki, bu səbəbdən, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən, həmin şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 10 000 manat məbləğində cərimə olunub.
İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsi, maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilmiş daxili nəzarət sisteminin yaradılmaması və ya effektiv fəaliyyətinin təmin edilməməsi hallarını əhatə edir. 598.1.2-ci maddəsi isə müştərinin şəxsiyyətinin müəyyən edilməməsi və ya lazımi yoxlamaların aparılmaması ilə bağlı pozuntuları nəzərdə tutur.
Qeyd edək ki, “Troni İnvestisiya Şirkəti” QSC 2021-ci ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış və 2022-ci ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziya əldə edib. Nizamnamə kapitalı 445 000 manat olmaqla 100 faiz sahibi Siyavuş Səfiyevdir.