Əvvəlki illərə nisbətən ictimai həyatın müəyyən sahələrində qərarların qəbulunda və dövlətin idarə edilməsində qadınların təmsilçiliyinin artması müşahidə olunur. Hazırda ölkəmizin idarəetməsinin ən yüksək pillələrində qadınlar təmsil olunur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 2023-cü il üzrə hüquq-mühafizə orqanlarında qadın əməkdaşların sayı artıb.
Belə ki, 2022-ci illə müqayisədə 2023-cü ildə hakim qadınların sayı 25%, prokuror qadınların sayı 30%, qadın vəkillərin və vəkil bürosu olan qadınların sayı 18% artmışdır
Statistik göstəricilərə əsasən qadınların seçkili vəzifələrdə təmsilçiliyində yüksəlmə olub. Belə ki, qanunvericilik orqanında 2005-ci illə müqayisədə 2024-cü ildə qadınların təmsilçiliyi artaraq, 11,2%-dən 20,8%-ə çatıb. 2024-cü ildə dövlət qulluqçuları arasında qadınların payı son dörd ildə 27,5%-dən 29,7%-ə çatıb.
2023-cü ildə qadınların kişilərlə bərabər təmsil olunduğu partiya Yeni Azərbaycan Partiyası (YAP) olub. Belə ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin 49.2 faizini kişilər, 50.8 faizini qadınlar təşkil etmişlər. Digər partiyalarda isə bu göstərici azdır. Azərbaycanın müstəqilliyi dövründə sadəcə bir qadının rəhbərlik etdiyi siyasi partiya olub ki, o da, 1995-2003-cü ildə Lalə Şövkətin rəhbərlik etdiyi Azərbaycan Liberal Partiyasıdır. Partiya bir neçə il əvvəl fəaliyyətini dayandırıb.
Son illər Azərbaycan qadınları qeyri-ənənəvi sahələr üzrə də fəaliyyət göstərirlər. Qadınlarımızın informasiya texnologiyalarına və süni intellektə olan marağı daha da artaraq, İKT istiqamətində fəaliyyətləri daha da genişləndiyi müşahidə olunur.
Buna baxmayaraq Azərbaycanda qadın nazir və icra başçısı yoxdur. Nazirlər Kabinetinə daxil olan qurumlardan sadəcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri qadındır.
Nazir müavinləri arasında da qadınların sayı çox azdır. Ölkədə fəaliyyət göstərən Nazirliklətdə nazir müavinin təxminən 6 faizi qadındır. Qadınların ən çox təmsil olunduğu təhsil sahəsinə nəzarət edən Nazirlikdə hətta 4 nazir müavinin heç biri qadın deyil.
Hazırda Azərbaycanda 4 qadın nazir müavini var.
Umayra Tağıyeva – 1968-ci il təvəllüdlüdür. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 2020-2023-cü il tarixlərində Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsində işləyib. 04.03.2023-cü il tarixindən ekologiya və təbii sərvətlər nazirinin müavinidir. Coğrafiya üzrə fəlsəfə doktorudur. 46 elmi məqalənin müəllifi, 5 kitabda həmmüəllifdir.
İlhamə Qədimova – 1975-ci ildə anadan olub. İxtisasca hüquqşünasdır. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 sentyabr tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.
Səadət Yusifova – 1974-cu ildə anadan olub, Bakı Dövlət Universitetinin və Fransanın Robert Şuman Universitetinin məzunudur. Azərbaycan Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. 2023-cü ildə mədəniyyət nazirinin müavini təyin olunub.
İndira Hacıyeva – 1960-cı il iyulun 15-də anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini, 1988-ci ildə isə Moskva Ali Komsomol Məktəbində ali idarəetmə kursunu bitirib.Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.