Azərbaycan internetin orta sürətinə görə 154 ölkə arasında 30 pillə irəliləyib.
Bunu “Aztelekom” MMC-nin Baş direktor vəzifəsini icra edən Həsən Ömərov “Onlayn Azərbaycan” layihəsinin hesabat tədbiri çərçivəsində keçirilən panel sessiyasında bildirib.
“Məlum olduğu kimi, FTTH texnologiyası (“Fiber To The Home”, Fiber optik xətt mənzilədək) evlərə fiber-optik kabellər vasitəsilə yüksək sürətli internet bağlantısı təmin edir. Bu texnologiyanın penetrasiya reytinqi ölkələrin fiber-optik şəbəkələrinin yayılma dərəcəsini və infrastrukturun inkişafını ölçür. FTTH, Council Europe kimi təşkilatlar hər il bu barədə hesabatlar təqdim edir. 2024-cü ilin mart ayına olan ən son məlumatlara əsasən, fiber-optik bağlantıların penetrasiya səviyyəsinə görə dünya ölkələri arasında Birləşmiş Ərəb Əmirlikləri 99,3 % yayılma dərəcəsi ilə birinci yerdədir. İkinci yerdə 95-97% arası göstərici ilə Sinqapur, üçüncü yerdə isə son illərdə sürətli artım edərək 90 %-dən yuxarı yayılma dərəcəsinə çatan bir ölkədir”, – o vurğulayıb.
Onun sözlərinə görə, BMT-nin Elektron Hökumət İnkişaf İndeksində Azərbaycan 1 il ərzində 9 pillə irəliləyərək 193 ölkə arasında 74-cü yerə yüksəlib: “Azərbaycan ölkə tarixində ən yüksək göstərici olan 0,76 xal toplayaraq ilk dəfə rəqəmsal idarəçilik reytinqində ən yüksək kateqoriyaya daxil olub. “Aztelekom”un genişmiqyaslı modernizasiya strategiyası çərçivəsində 2024-cü ilin sonuna qədər təqdim olunan internet sürəti 86 Mbps olub”.
Bundan əlavə, o qeyd edib ki, ölkədə orta internet sürəti 4 dəfə artaraq keçən ilin sonuna 66 Mbps-ə çatdırılıb: “Bu irəliləyiş Azərbaycanın 154 ölkə arasında 91-ci yerə yüksəlməsinə və ən əsası, 2021-ci ildən sonra birdən-birə 30 pillə irəliləməsinə səbəb olub”.