2024-cü ildə Azərbaycanda 77,3 min vergi ödəyicisinə 150,6 min kameral vergi yoxlaması əsasında 1 milyard 168,9 milyon manat əlavə vergi hesablanıb.
Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, 2023-cü illə müqayisədə kameral yoxlamaya cəlb edilmiş vergi ödəyicilərinin sayı 2,5 min vahid, yoxlamaların sayı 76 vahid azalıb, hesablanmış vergi isə 178,8 milyon manat və yaxud 18,1% artıb.
Sənədə əsasən, kameral vergi yoxlaması aparılmış vergi ödəyicilərinin sayı həmin dövr üzrə aktiv vergi ödəyicilərinin sayında 9,8% paya malik olub. Kameral vergi yoxlaması ilə hesablanmış vergilərin 329 milyon manatının və yaxud 28,1%-nin dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da 2023-cü illə müqayisədə 58 milyon manat və yaxud 21,4% çoxdur.
Kameral vergi yoxlaması ilə hesablanmış vergilərin 999,6 milyon manatı və yaxud 85,5% elektron uyğunsuzluq əsasında aparılmış yoxlama ilə, 169,3 milyon manat və yaxud 14,5%-i isə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar uyğunsuzluq əsasında aparılmış yoxlama ilə hesablanıb.
Hesablanmış vergilərin ümumi məbləğinin 734,7 milyon manatını və yaxud 62,9%-ni əlavə dəyər vergisi, 269,2 milyon manatını və yaxud 23%-ni mənfəət vergisi, 63,6 milyon manatını və yaxud 5,4%-ni gəlir vergisi, 15,7 milyon manatını və yaxud 1,3%-ni sadələşdirilmiş vergi, 58,7 milyon manatını və yaxud 5%-ni vahid bəyannamə üzrə vergilər, 27 milyon manatını və yaxud 2,3%-ni isə digər vergilər təşkil edib.
Ötən il kameral vergi yoxlaması üzrə 6,8 min şikayət daxil olub ki, bu da il üzrə ümumi kameral yoxlamaların sayında cəmi 4,5% paya malik olub.