ABŞ prezidenti Donald Tramp Kanadanı indiyə qədər danışıqlar apardığı ən pis ölkə adlandırıb. O, həmçinin Ottavanı NATO-ya ən az töhfə verməkdə ittiham edib. Eyni zamanda cənab Tramp hesab edir ki, Kanada ABŞ-nin 51-ci ştatı olmalı idi.
“Kanada 51-ci ştat olmalı idi, biz onlara ildə 200 milyard dollar subsidiya veririk. Bizə onların maşınları və taxta-şalbanları lazım deyil. Bizim öz resurslarımız kifayət qədərdir”, – deyə Tramp bildirib.
Martın 4-dən ABŞ-yə idxal edilən Kanada mallarına 25% rüsum tətbiq edilib. Buna cavab olaraq Ottava Amerika mallarına oxşar tariflər elan edib.
Cənab Tramp Kanadanın ABŞ-nin tərkibinə daxil olmasının tarif problemini həll edəcəyini vurğulayıb. Onun ticarət və istehsal üzrə baş müşaviri Peter Navarro Kanada ilə ABŞ arasındakı sərhədə yenidən baxmağa çağırıb.