Keçən il Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində həyata keçirilən nəzarət tədbirlərinin nəticələri ilə bağlı məlumatlar açıqlanıb.
Agentliyin “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat sənədinə istinadən xəbər verir ki, müəyyən olunan nöqsanların aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərin nəticələri barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) və eyni zamanda audit aparılmış şöbələr tərəfindən təqdim olunan məlumatlara əsasən 5 məsul işçi tutduğu vəzifədən azad edilib, 4 məsul işçiyə töhmət verilib, 1 məsul işçiyə isə xəbərdarlıq edilib.
Dövlət Sosial Müdafiə Fondundan Hesablama Palatasına təqdim edilən məlumatlara əsasən nöqsanlar geniş müzakirə olunub və işlərində nöqsanlara yol verən əməkdaşlardan şöbə müdirinin müavini və 4 nəfər sektor müdiri tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, hesabat sənədi Milli Məclisə təqdim olunub. Sənəd aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Report