Almaniyanın avtomobil istehsalçısı “Audi” (“Volkswagen Group”un bir hissəsi) ABŞ prezidenti Donald Trampın idxal rüsumları səbəbindən ABŞ-yə avtomobil tədarükünü dayandırır. Bu barədə “Bild” qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, şirkət nümayəndəsi dilerlərə müvafiq məktubun göndərildiyini təsdiqləyib. Beləliklə, aprelin 2-dən sonra ABŞ-yə gətirilən bütün avtomobillər müvəqqəti olaraq saxlanılacaq və dilerlərə verilməyəcək. İndi, nəşrin qeyd etdiyi kimi, dilerlər ehtiyat səviyyələrini azaltmağa diqqət etməlidirlər.
Eyni zamanda şirkət nümayəndəsi əlavə edib ki, hazırda “Audi”nin ABŞ-dəkı anbarlarında yeni rüsumlara tabe olmayan və buna görə də satıla bilən 37 mindən çox avtomobil var. Bu, təxminən iki aya kifayət edərdi.
Aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Rusiya bu siyahıda yoxdur.
10%-lik universal tariflər aprelin 5-dən qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minəcək. Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal avtomobillərinə 25%-lik gömrük rüsumları tətbiq edib. Tramp iqtisadi vəziyyətlə əlaqədar ölkədə fövqəladə vəziyyət də elan edib.