10 C
Baku
Wednesday, December 11, 2024

Banklar “dollar təbliğinə” son qoyacaqmı? – TƏHLİL

Son zamanlar Azərbaycanın maliyyə bazarında və əhali arasında müəmmalı vəziyyət yaranıb. Bu müəmmaya səbəb bankların uzun müddət kreditləri yalnız xarici valyuta, daha doğrusu ABŞ dolları ilə verməsidir. Bu yanaşmanın düzgün olmadığı ilk olaraq rəsmi şəkildə Ali Məhkəmənin sədri Ramiz Rzayev tərəfindən səsləndirilib. Ramiz Rzayev bəyan edib ki, “Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir”. Kreditin hansı valyuta ilə verilməsinin bankların səlahiyyətində olan məsələ kimi dəyərləndirən Ali Məhkəmənin sədri eyni zamanda qeyd edib ki, banklar tərəfindən müştəriyə yalnız dollarla kredit təklif edilməsi bu vətəndaşın hüququnun pozulmasıdır. Lakin təəssüf ki, məhkəmə bankların daxili işinə, daxili prosedura qaydalarına müdaxilə edə bilmir.

Bu açıqlamadan üç gün sonra Maliyyə Bazarlarına Nəzarət Palatası problemlə bağlı sərt qərar qəbul edib. Palatanın Direktorlar Şurası tərəfindən xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində tənzimləyici çərçivələrin müəyyən edilməsinə qərar verilib. Bununla əlaqədar qərara alınıb ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi aprelin 5-dən etibarən 1 ay müddətinə dayandırılsın və bu haqda müvafiq göstərişlər kredit təşkilatlarına göndərilsin. Palata bu müddətin uzadılması hüququnu özündə saxlayıb.

Beləliklə, bankların son zamanlar hərəkətləri dərhal dövlət qurumlarının diqqətini cəlb edib və müvafiq tədbirlər görülüb. Sözügedən problem ilk baxışdan ciddi kimi görünmürsə, reallıqda, əksinə, çox ciddidir. Belə ki, söhbət ondan gedir ki, dolların baha olduğu halda banklara kreditləri məhz dollarla verilməsi sərf edir. Əksinə əhali kreditləri manatla almaqda maraqlıdır. Sadə desək, əgər kredit dollarda götürülsə, dolların manata qarşı bahalaşması halında kredit manatla dərhal bahalaşır, halbuki əhali gəlirləri manatla əldə edir. Nəticədə, əhalinin kreditlərin ödənilməsi üzrə xərcləri artır ki, bu da vətəndaşların maliyyə rifahını azaldır.

 

Hazırda Azərbaycanda bank sistemi üzrə 21,2 mlrd. manat həcmində  məcmu kreditlərin tərkibində 10,2 mlrd. manat və ya 48,1%-i manat kreditlərinin , 11 mlrd. manat və ya 51,9%-i isə valyuta kreditlərin payına düşür. Təbii ki, valyuta kreditlərin böyük əksəriyyəti məhz dollar kreditləridir. Bu dərəcədə yüksək pay onu göstərir ki, Azərbaycanda bank-kredit sahəsində dollarlaşma səviyyəsi çox yüksəkdir. Qeyd etmək lazımdır ki, post-devalvasiya dövründə hər ölkənin, o cümlədən Azərbaycanın maliyyə rəhbərliyinin əsas məqsədlərdən biri də iqtisadiyyatda, həmçinin maliyyə-bank sektorunda dollarlaşma səviyyəsini mümkün qədər aşağı salmaqdır. Bunun fonunda banklar tərəfindən dollar kreditləşməsinin artması makroiqtisadi baxımından ən azı məqsədəuyğun deyil. Obyektivlik naminə demək lazımdır ki, dollar kreditləri amilinin valyuta bazarına təsiri kiçikdir, çünki banklar daxili konvertasiya vasitəsi ilə dollar kreditlərin ödənilməsini manatla da həyata keçirirlər. Yəni kredit ödəyicisinə dollar almağa ehtiyacı yoxdur. Lakin burada bir məqam da var: təcrübə göstərir ki, valyuta kreditləri üzrə ödəniş aparılanda bankın məzənnəsi çox əlverişsiz olur, bəzi hallarda valyutanı alıb birbaşa valyutada ödəmək daha sərf edir. Belə olan halda valyuta bazarına təsir artır.

 

Hər halda ümumi iqtisadi baxımından dollar kreditlərin artırılması birbaşa olaraq əhalinin maliyyə vəziyyətini pisləşdirir. Bu isə öz növbəsində iqtisadi problemi artıq sosial problemə çevirir. Sosial problemlərin həlli isə iqtisadi problemlərin həllinə dair daha çevik və qəti addımlar atmaqdan keçir. Faktiki olaraq, Palatanın yuxarıda qeyd edilən qərarı məhz bu addımlarından biridir. Həmçinin aydındır ki, həmin bir aylıq dayandırma banklara xəbərdarlıqdır. Çünki bu müddətin uzadılması imkanı onu göstərir ki, bu qərar banklar öz əməllərinə son qoyanadək qüvvədə qala bilər.

 

Nəhayət banklar tərəfindən “yarıicbari” şəkildə kreditlərin xarici valyutada “verilməsi” məsələsinə son qoyulması halında banklar başqa bir addıma əl ata bilər. Söhbət manat və dollar kreditləri üzrə faiz dərəcələrin nəzərə çarpan dərəcədə fərqlənməsindən gedir. Yəni banklar valyuta məzənnə risklərini müştərilərin boynuna qoymaq üçün dollar kreditləri üzrə faizlərini manat kreditləri üzrə dərəcələrindən daha yüksək edə bilər. Hazırda fiziki şəxslər üçün kreditlər (istehlak kreditləri) üzrə orta faiz dərəcələri manat kreditləri üzrə illik 17,5%, valyuta kreditləri üzrə isə 20,65% təşkil edir. Əgər bankların dollar kreditləri verməsini “təbliğ etmə” imkanı əllərindən alınsa, banklar valyuta kreditləri üzrə faiz dərəcələrini daha da artıra bilər. Bununla bağlı Palataya və Mərkəzi Banka tövsiyə etmək olar ki, həmin istiqamətə də fikir versin.

 

Qeyd edək ki, Azərbaycanda dollar kreditləri devalvasiyadan əvvəl çox populyar idi, çünki həmin dövrdə dolların məzənnəsi 0,78 – 0,79 manata bərabər olub və ilk növbədə psixoloji baxımından əhali dollar kreditlərinə müsbət baxırdı. Maliyyə baxımından böyük fərq yox idi, çünki devalvasiyadan əvvəlki bir neçə il ərzində dolların məzənnəsi sabit saxlanırdı ki, məzənnə fərqindən nə udan, nə uduzan vardı. Devalvasiyadan sonra hər şey dəyişib. İlk növbədə bunu əvvəllər dollarla götürülər kreditlər üzrə demək olar, çünki həmin kreditlər dolların məzənnəsinə paralel əvvəl 2015-ci ilin fevralında bir anda 35%, dekabrında isə daha 48% bahalaşıb. Nəticədə, 2015-ci ildə dollar kreditləri manatla 2 dəfə bahalaşıb. Bu fakt bir neçə sahələrdə birdən-birə durğunluq yaradıb, kreditləşmə sahəsində vəziyyət olduqca pisləşib. O cümlədən, ictimaiyyət və bəzi iqtisadçılar tərəfindən dollar kreditlərin devalvasiyadan əvvəl olan məzənnə ilə ödənilməsi təklifi səsləndirilib, amma bu təklif hökumət tərəfindən rəğbətlə qarşılanmayıb. İndi isə hökumət bankların dollar kreditlərini “təbliğ” etməsinə mütləq cavab verməli idi. Göründüyü kimi, hökumətdən reaksiya dərhal gəlib.

 

Qeyd edək ki, iqtisadiyyatda dollarlaşma səviyyəsinin azaldılması üçün növbəti addım daha istiqamətli ola bilər. Söhbət dollar kreditləşməsinin məhdudlaşmasından gedir. Amma hələlik bu yalnız təklifdir…

 

APA Analitik Mərkəzi

Son xəbərlər
Digər xəbərlər