BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Rebekka Qrinspan bildirib ki, BMT inkişaf etməkdə olan ölkələr arasında beynəlxalq arenada mövqelərini möhkəmləndirmək üçün daha sıx ticarət əlaqələrini dəstəkləyir. Onun sözlərinə görə, ABŞ-nin idxal rüsumları tətbiq etməsi səbəbindən bütün dünyada investisiyalar bloklanıb.
Xanım Qrispan qeyd edib ki, dünyanın ən böyük iqtisadiyyatları olan ABŞ və Çinin tətbiq etdiyi tariflər təkcə bu iki ölkəyə deyil, hamıya təsir edəcək. O, əsas problem kimi qeyri-müəyyənlik faktorunu müəyyənləşdirib.
“İnvestisiyalar iflic olub, çünki baş direktorlar oturub gözləyirlər. Bu isə o deməkdir ki, investisiyalar dünyanın ehtiyac duyduğu miqyasda bərpa olunmayacaq”, – deyə Rebekka Qrinspan söyləyib.
Xatırladaq ki, aprelin 2-də Donald Tramp 185 ölkədən, o cümlədən Çindən gələn mallara qarşılıqlı rüsum tətbiq etdiyini açıqlayıb. Buna cavab olaraq Çin hakimiyyəti ABŞ mallarına 34% əlavə rüsumlar tətbiq edib. İndi Çindən tədarük üçün ümumi tarif yükü 145% təşkil edir.






