Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasil edən mədən şirkəti “Anglo Asian Mining plc” (Anglo Asian) 2025—ci ilin ilk rübündə 8 085 unsiya qızıl istehsal edib.
Banker.az xəbər verir ki, bu, keçən illə müqayisədə 3 dəfə artımdır. 2024-cü ilin I rübü istehsalat dayansa da, 2 548 unsiya* istehsal olmuşdu.
(1 unsiya=28.3495 qram)
Mədən şirkəti ilin ilk rübündə 534 ton mis istehsal etdiyini açıqlamaqla öncəki ili 10 dəfə üstələyə bilib. Keçən ilin 1-ci rübü 54 ton mis hasil edilmişdi. Xalis qızıl hasilatı 6029 unsiya olub (2024: 2 266 unsiya). Gümüş hasilatı 5 dəfəyə yaxın artımla 30 321 unsiyaya qalxıb.
“Anglo Asian Mining” ötən birinci rübdə cəmi 4 753 unsiya qızıl külçə satıb ki, bu göstərici keçən ilin eyni dövründəki 3,925 unsiya satışdan yuxarıdır. Qızılı orta hesabla hər unsiya üçün 2 843 ABŞ dolları qiymətinə satıb. Keçən il unsiyasını 2 080 dollara satmışdı. Qlobal birjalarda qızıla yaranan tələb səbəbindən bahalaşması mədən şirkətinə hər unsiyasında 763 dollar qazandırıb.
Mədən şirkəti bildirir ki, ötən rüb ərzində tam emalın bərpası nəticəsində ümumilikdə 1 milyon dollar müsbət xalis pul axını əldə edilib. 31 mart 2025-ci il tarixinə xalis borc 13.8 milyon dollara enib. Halbuki, ilin əvvəli 14.8 milyon dollar idi. Qeyd edilir ki, bu məbləğə “Trafigura-dan alınmış 5 milyon dollar qabaqcadan ödəniş daxildir.
Əlavə edilir ki, 31 mart 2025-ci il tarixinə inventar dəyəri 7.1 milyon dollar təşkil edib (31 dekabr 2024: 4 milyon dollar).
Bu, “Anglo Asian Mining” 2023-cü ildəki ekoloji problemlə bağlı narazılıqlardan sonra ilk tam istehsalat rübüdür. Mart ayında Gilar mədənindən ilk filiz çıxarılıb, may ayında isə tam istehsalata başlanılır.
“Dəmirli istehsalat müəssisəsinin yenidən qurulması istiqamətində sevindirici irəliləyiş əldə edilib”- deyə, şirkətdən açıqlanır.