2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın azot gübrələrinin ixracında əhəmiyyətli artım qeydə alınıb.
Banker.az xəbər verir ki, cari ilin ilk iki ayında ölkə 122 361 ton azot gübrəsi ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 299 ton (yəni təxminən 5.4%) çoxdur.
İxracdan əldə olunan gəlir isə 35.9 milyon ABŞ dollarına çataraq, ötən ilin eyni dövründəki 20.9 milyon dollarla müqayisədə 71.7% artım nümayiş etdirib.
2024-cü ilin yanvar-fevral aylarında bir ton məhsulun orta ixrac qiyməti təxminən 180.5 dollar olduğu halda, cari ilin eyni dövründə isə bu rəqəm 294.1 dollara yüksəlib ki, bu da illik müqayisədə bir tonun 114 dollar və ya 63% baha olması deməkdir.
Əsas müştərilərdə dəyişiklik olub
Ukrayna 2025-ci ilin ilk iki ayında Azərbaycanın azot gübrələrinin əsas alıcısı olub. Bu dövrdə Ukraynaya 113 810 ton gübrə ixrac olunub və bunun müqabilində 33.7 milyon dollar gəlir əldə edilib. Halbuki, 2024-cü ilin yanvar-fevral aylarında Ukraynaya cəmi 42 145 ton gübrə ixrac olunmuşdu (8.1 milyon dollar). Bu, həm həcm, həm də gəlir baxımından Ukraynaya ixracın təxminən üç dəfə artdığını göstərir.
Əksinə, Türkiyəyə ixrac kəskin şəkildə azalıb. 2024-cü ilin ilk iki ayında 41 917 ton gübrə göndərilən Türkiyəyə 2025-ci ildə cəmi 3 015 ton ixrac edilib. Bu da 92.8% azalma deməkdir. Müvafiq olaraq, ixracdan gəlir də 7.6 milyon dollardan 814 min dollara düşüb.
Rumıniyaya ixrac da azalsa da, hələ də əhəmiyyətli paya malikdir. 2024-cü ildə 28,499 ton gübrə ixrac edilən Rumıniyaya bu il 5,072 ton gübrə göndərilib. Albaniyaya isə 2025-ci ilin ilk iki ayında ümumiyyətlə ixrac qeydə alınmayıb. Halbuki, ötən ilin eyni dövründə bu ölkəyə 2 998 ton gübrə satılmışdı.
2024-cü ildə kiçik miqdarda da olsa Gürcüstana ixrac (501 ton) olduğu halda, bu il həmin ölkə ixrac statistikalarında yer almayıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş SOCAR-ın Karbamid Zavodu 2019-cu il yanvarında istifadəyə verilib. Zavod il ərzində 435 milyon m3 təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub. Lakin bu il ölkə istehsal etdiyi bu gübrənin 85 faizindən çoxunu xaricə ixrac edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin birinci rübündə Azərbaycan 137.2 min ton karbamid istehsal etməklə illik istehsalı 17.8 faiz azalıb.