16 C
Baku
Thursday, April 24, 2025

Volatil bazar şəraitində varlanmaq üçün Warren Buffett-in “Sadə qaydaları”

 

Son vaxtlar səhm bazarında vəziyyət dalğalı şəkildə dəyişir. ABŞ-ın əsas indekslərindən biri olan S&P 500 bazar ertəsi günü 2.4% dəyər itirdi. Bu, Prezident Donald Trump-ın Federal Ehtiyat Sistemi (FED) rəhbəri Jerome Powell-a qarşı yeni ittihamlarından sonra baş verib. Trump hətta Powell-ın vəzifədən uzaqlaşdırılması barədə danışıb. Ancaq hazırkı qanunvericiliyə əsasən, Powell belə bir qərarı qeyri-qanuni hesab edir.

Ertəsi gün bazarda 1.5%-dən çox yüksəliş müşahidə olundu. Ancaq ümumi götürdükdə, ABŞ səhm bazarı fevral ayından bu yana təxminən 14.5% dəyər itirib. Analitiklər bildirirlər ki, iqtisadi siyasətdə qeyri-müəyyənlik olduğu üçün bu dalğalanmalar davam edə bilər.

U.S. Bank-ın baş investisiya strateqi Robert Haworth CNBC-yə bildirib: “Hazırda bazar istiqamət axtarır, lakin nəticələr hələ də bəlli deyil. Xüsusilə də tariflərin hara qədər gedəcəyi bilinmir.”

Belə qeyri-müəyyən dövrlərdə necə davranmalı? Bu zaman Buffett-in sadə, amma güclü qaydası kömək edə bilər:

“Digərləri həris olduqda ehtiyatlı olun, digərləri qorxduqda isə siz həris olun.”
– Warren Buffett, 2008-ci ildə, qlobal maliyyə böhranı zamanı New York Times-da yazdığı məqalədə.

Qorxudan fürsət kimi istifadə edin

Hazırda investorlar qorxur ki, ABŞ administrasiyası FED-in müstəqilliyini poza bilər. Bundan əlavə, Trampın gömrük tarifləri təchizat zəncirlərini poza, inflyasiyanı alovlandıra və dünya iqtisadiyyatında tənəzzülə səbəb ola bilər.

Qısamüddətli baxımdan bu narahatlıqlar haqlıdır, xüsusilə də investisiyalardan gəlir əldə etməklə dolananlar üçün. Bu halda maliyyə məsləhətçinizlə bu riskləri müzakirə etmək faydalı olar.

Amma Buffett-in fikrincə, investisiya uzunmüddətli bir oyundur. Əgər məqsədləriniz on illərlə ölçülürsə, qorxular bazarı ucuzlaşdırdıqca, geniş və müxtəlif portfelyə investisiya etməyə davam edin.

Tarix göstərir: səbir qazandırır

Buffett-in bu strategiyası ABŞ bizneslərinin uzunmüddətli artımı sayəsində işləyib. 2008-ci ildə yazdığı kimi:

“Ölkənin sağlam şirkətlərinin gələcəkdə uğur qazanmayacağı qorxusu məntiqsizdir. Onlar müəyyən çətinliklərlə üzləşəcəklər, amma əksəriyyəti 5, 10, 20 il ərzində yeni mənfəət rekordları vuracaq.”

2007–2009 illərindəki ayı bazarında S&P 500 50%-dən çox dəyər itirmişdi. Investorlar panikaya düşərək səhmlərini satırdılar. Buffett isə əksinə, fürsətdən istifadə edərək istiqrazlardan imtina edib səhmlərə sərmayə yatırmışdı.

Nəticə? ABŞ şirkətləri yenidən mənfəət qazanmağa başladı və səhm bazarı yeni zirvələrə qalxdı.

İndilik investorlar panikada deyillər, amma vəziyyət daha da pisləşərsə, Buffett-in yolunu tutanlar investisiya etməyə davam edəcəklər. Çünki bu ilk dəfə deyil və tarix göstərir ki, səbirli olanlar qazanır.

“Uzunmüddətli perspektivdə səhm bazarından yaxşı xəbərlər gələcək,” – Buffett 2008-ci ildə yazırdı.
“20-ci əsrdə ABŞ iki dünya müharibəsi, Böyük Depressiya, onlarla maliyyə böhranı və siyasi sarsıntı keçirdi. Amma Dow indeksi 66-dan 11,497-yə yüksəldi.”

 

Son xəbərlər
Digər xəbərlər