16 C
Baku
Thursday, April 24, 2025

Nədir ”Əmək Bazarına Hazırlıq İndeksi” ?

Ölkədə ilk dəfə tətbiq olunan layihənin ideya müəllifi və icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyidir. Layihə, Agentliyin çoxsaylı innovativ, beynəlxalq təcrübəyə söykənən layihələrindən biridir və ölkənin əmək bazarının mövcud və gələcək mənzərəsinə mühüm töhfə verə biləcək baxışa və potensiala malikdir.

Layihə, hər il əmək bazarına daxil olan və onun mühüm miqyasda tərkibini formalaşdıran on minlərlə tələbəni hədəfləyir. Ümumi məqsəd isə, tələbələrin əmək bazarında rəqabət qabiliyyətliliyinə təsir edə biləcək fərdi bacarıq və səriştələrini ölçmək, bu bacarıq və səriştələr arasındakı balansı qiymətləndirmək və bunun əsasında fərdi və ümumi inkişaf strategiyalarını formalaşdırmağa zəmin, şərait yaratmaqdır.

Ölçmə prosesi tələbələrin qeyri-akademik göstəricilərini əhatə edən və əmək bazarının real, praktiki tələblərini ehtiva/əhatə edən müvafiq sertifikatların olması, müəyyən peşəkar təcrübəyə sahiblik, yumşaq bacarıqların (soft skills) mənimsənilməsi, rəqəmsal savadlılıq və xarici dil biliklərinə malik olma əsasında aparılır.

Nəticəyə uyğun olaraq isə, universitetlər həm fərdi, həm də ümumi miqyasda proqramlar hazırlaya biləcək, həmçinin, təhsil və tədris proseslərinə mühüm korrektələr edə biləcəklər. Bunun uzunmüddətli nəticəsində də, ölkənin əmək bazarı daha məhsuldar, daha mütərəqqi və rəqabətqabiliyyətli insan kapitalına malik olacaq ki, bu da, dolayısı ilə ölkənin iqtisadi artımına dayanıqlı töhfə verəcəkdir.

Hazırda layihə pilot olaraq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tətbiq olunur və qısa zamanda ölkənin bütün universitetlərində tətbiq olunması gözlənilir.

Müəllif: Orxan Məmmədli

Son xəbərlər
Digər xəbərlər