18 C
Baku
Friday, April 25, 2025

Bu tibb işçiləri sertifikasiya imtahanından azad ediləcəklər

Təklif olunan yeni dəyişikliklərə əsasən, tibb işçilərinə şərait yaradılacaq ki, onlar öz sertifikat şəhadətnamələrini ya 5 ildən bir imtahan yolu ilə, ya da 5 il ərzində 250 kredit balı yığmaqla əldə etsinlər. Bu balı toplamaqla imtahandan azad olunacaqlar.

Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, kredit balı hər il 50 bal olmaqla ümumilikdə 250 bal təşkil edəcək:

“Yəni onların peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə alternativ davamlı peşəkar inkişafının (bundan sonra – DPİ) mexanizmi tətbiq olunacaq. Sertifikasiya imtahanına alternativ olaraq təklif olunan davamlı peşəkar inkişaf dedikdə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş elmi və tədris tədbirlərində iştirakı, o cümlədən elmi, pedaqoji və ya müstəqil davamlı peşəkar inkişaf fəaliyyəti vasitəsilə kredit vahidlərinin toplanmasıdır.

Belə ki, sözügedən kreditləri toplayan şəxslər qüvvəsi 5 il olan sertifikasiya şəhadətnaməsi əldə edəcəklər. Elmi və tədris tədbirlərinin akkreditasiyası qaydası və DPİ-nin kredit ekvivalenti, bunun üçün lazım olan sənədlər və tələblər müəyyən olunaraq təsdiq ediləcək. Könüllü sınaq imtahanı istisna olmaqla sertifikasiya imtahanı ödənişsiz olacaq”.

A.Vəliyev əlavə edib ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, sertifikasiya imtahanından keçməyən tibb işçisi yenidən 6 ay ərzində hazırlaşıb imtahan verə bilər.

“Bu zaman iş yeri saxlanılsa da tibb işçisinə işə gəlməyə icazə verilmir. Lakin bu müddət ərzində onun aylıq əmək haqqının ödənilməsi mexanizmi ilə bağlı bir sıra ciddi problemlər mövcuddur ki, bunlar da əsaslı şikayətlərə səbəb olurdu. Yeni təklif olunan dəyişiklikdə bu məsələyə humanist yanaşma ortaya qoyulmuş və sözügedən 6 aylıq periodda işçilərin aylıq vəzifə (tarif) maaşının saxlanılması məqsədi ilə dəyişiklik təklif olunub”, – deyə şöbə müdiri qeyd edib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər