Rəqəmsal texnologiyaların sürətli inkişafı bir çox sahələrdə olduğu kimi, səhiyyə sektorunda da yeniliklərə yol açıb. Vətəndaşların vaxtına qənaət etmək və rahatlığını təmin etmək məqsədilə yaradılan onlayn dərman satış platformaları son illərdə geniş yayılıb. Xüsusilə aptekə getməkdə çətinlik çəkən vətəndaşlar üçün bu xidmət əlverişli və qənaətcil bir alternativ kimi görünür. Lakin dərmanların həkim resepti olmadan alınıb istifadəsi, saxta və ya keyfiyyətsiz preparatların dövriyyəyə buraxılması kimi risklər bu sistemin təhlükəli tərəflərini də ortaya çıxarır.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, qanunvericiliyə görə əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Vətəndaşlar müxtəlif internet səhifələrindən və ya sosial şəbəkələrdən onlayn şəkildə dərman vasitələri sifariş verməməli, müalicə həkiminin təyinatı əsasında dərman vasitələrini apteklərdən alıb istifadə etməlidirlər.
Həkimin təyinatı olmadan internet üzərindən sifariş verilən dərman vasitələrindən istifadə etmək tövsiyə edilmir, çünki düzgün doza və istifadə qaydaları həkim tərəfindən müəyyən edilməlidir. Əks təqdirdə, düzgün istifadə edilməyən dərmanlar sağlamlığa ciddi zərər yetirə bilər. Yalnız dərman vasitələrinin pərakəndə satışı əczaçılıq fəaliyyətinə lisenziyası olan apteklərin rəsmi internet səhifəsindən dərman vasitələri sifariş oluna bilər, bu zaman dərman vasitələrinin çatdırılması müvafiq saxlama və daşınma şərtlərinə ciddi riayət edilməklə həyata keçirilməlidir.
Qurumdan bildirilib ki, Nazirlər Kabinetinin 14 aprel 2023-cü il tarixli, 318 saylı sərəncamına əsasən, 2024-cü ilin yanvar ayından etibarən ölkə üzrə “Elektron Resept Sistemi” bütün tibb müəssisələrində mərhələli şəkildə tətbiq edilməyə başlanılıb. Səhiyyə Nazirliyi tərəfindən hazırlanan bu sistem, tibbi məlumatların daha şəffaf, effektiv və əlçatan olmasına xidmət edərək, qeydiyyatsız, keyfiyyətsiz, istifadə müddəti bitmiş dərman vasitələrinin dövriyyəsini, eləcə də qanunsuz dərman satışını önləyərək, vətəndaşların istehlakçı hüquqlarının qorunmasını təmin edir.
“Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilərlər.”-deyə qurumdan bildirilib.