2025-ci il 01 aprel tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 26 milyard 615,2 milyon manat və ya 2025-ci il üzrə 130 milyard 662,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 20,4 faizini təşkil etmişdir.
Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayır.
Ümumi dövlət borcunun 8 milyard 613,9 milyon manatı (5 milyard 067,0 milyon ABŞ dolları) və ya 32,4 faizi xarici dövlət borcunun, 18 milyard 1,3 milyon manatı və ya 67,6 faizi daxili dövlət borcunun payına düşür.
Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsində (Strategiya) müəyyən olunmuş dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin 30%-dən çox olmaması və xarici dövlət borcunun 2025-ci ilin sonunadək 10 milyard ABŞ dollarını üstələməməsi üzrə yuxarı hədlər gözlənilmişdir.
01 aprel 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 5 milyard 067,0 milyon ABŞ dolları və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil etmişdir. 2025-ci ilin 01 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 62,7 milyon ABŞ dolları məbləğində azalmışdır.
Xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədər olan müddətdə, 44,2 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,9 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
01 aprel 2025-ci il tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 85,6 faiz, avro – 6,0 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,5 faiz, yapon yeni – 3,3 faiz, digər valyutalar – 1,6 faiz.
2025-ci ilin 01 aprel tarixinə dövlət büdcəsinin borca xidmət xərcləri hesabına xarici borclar üzrə 138,7 milyon ABŞ dolları məbləğində əsas borc, 82,6 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilib.
2025-ci ilin 01 aprel tarixinə ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 73,8 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 14,6 dəfə üstələyir.