Amerikanın IBM korporasiyası növbəti beş il ərzində ABŞ-də istehsala 150 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb. Xüsusilə, şirkət ölkədə kvant kompüterlərinin və meynfreymlərin (əsasən böyük həcmdə məlumatların saxlanması və emalı üçün istifadə olunan yüksək məhsuldar kompüterlər) istehsalına 30 milyard dollar sərmayə qoymaq niyyətindədir.
IBM-in bəyanatında deyilir ki, o, artıq dünyanın ən böyük kvant kompüter sistemlərinə malikdir və onları ABŞ-də istehsal edib yığmağa davam edəcək. Prezident Donald Trampın digər ölkələrdən idxal edilən mallara yüksək rüsumlar tətbiq etməsindən sonra IBM ABŞ-yə böyük sərmayələr elan edən ən böyük texnologiya şirkətlərindən biri olub.
Daha əvvəl “Apple” Amerika iqtisadiyyatına 500 milyard dollar sərmayə qoyacağını vəd etmişdi, “Nvidia” isə yaxın illərdə ABŞ-də 500 milyard dollar dəyərində AI avadanlığı istehsal edəcəyini açıqlamışdı.