Məlumdur ki, Dövlət Yol Polisi İdarəsinin MMX(Mərkəzi Məlumat Xidməti) protokolları sürücülər üçün ciddi bir başağrısına çevrilmişdi.
Az qala hər bir maşının bir neçə MMX protokolu olurdu. Sürücülərin əksəriyyətinin də bundan xəbərləri olmurdu. Sürücü Daxili İşlər Nazirliyinin saytındakı (mia.gov.az) cərimələrin öyrənilməsi sistemində və ya asanpay.az -da sürücülük vəsiqəsi ilə araşdırma apardıqda da məlum olurdu ki, onun hər hansı bir cəriməsi yoxdur. Bununla belə yolda DYP müfəttişi həmin sürücünü saxlayıb ”radarın, bir neçə də ödənilməmiş cərimən var” deyirdi.
Bu MMX protokollara görə, cərimə meydançalarına aparılanlar da olurdu.
Yəni, bu vətəndaşlara cərimələri barədə hər hansı bir bildiriş gəlmirdi və rəsmi saytda da bu haqda heç nə qeyd edilmirdi.
Protokollar elektron sistemə daxil edilmədiyindən hətta bildiriş üzrə banklarda da ödəmə mümkün olmurdu. Belə halda sürücü məcbur olurdu ki , DYP-yə getsin və protokolu sistemə daxil etdirsin.
Artıq İnzibati Xətlara Məcəlləsində edilən dəyişiklik və bununla bağlı DİN tərəfindən istifadəyə verilən yeni bir xidmət bütün bunlara son qoyub.
Belə ki, Daxili İşlər Nazirliyi cərimələr haqqında məlumat almaq və onlayn formada ödəniş etmək üçün üçün yeni onlayn xidmət istifadəyə verib.
Məlum olduğu kimi Prezidentin 2016-cı il 15 fevral tarixli Fərmanı ilə cari ilin mart ayının 1-dən etibarən yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minib.
Bu dəyişikliklər yol hərəkəti ilə bağlı qaydaların möhkəmləndirilməsi və sürücülərin, bəzən isə həm də yol polisi əməkdaşlarının məsuliyyət hissinin artırılmasına yönəlib.
Məcəllədə edilən yeniliyə görə, qayda pozuntusunun nəzarət kamerası və ya radar vasitəsilə aşkar edilməsindən sonra həmin qayda pozuntusuna görə protokol yalnız elektron qaydada sürücünün iştirakı olmadan tərtib ediləcək.
Yəni protokolun tərtib olunması üçün sürücünün DYP orqanına dəvət olunması, eləcə də sürücünün qaydanı pozduğu ərazidə saxlanılaraq bilavasitə DYP əməkdaşı tərəfindən protokol tərtib olunması birmənalı olaraq qadağan olunur. Yeni dəyişikliyə əsasən, bütün nəzarət kameraları və radar qurğuları Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmalıdır.
Yeni dəyişikdə həmçinin qeyd edildi ki, qayda pozuntusu xüsusi texniki vasitə ilə müəyyən edilibsə və bu 1 ay ərzində internet informasiya resursunda yaradılan elektron kabinetinizdə yerləşdirilməyibsə, o zaman sizi inzibati məsuliyətə cəlb edə bilməzlər.
DİN tərəfindən hazırlanan yeni elektron xidmət də məhz bu qeyd olunanların daha asan və rahat formada həyata keçirilməsi məqsədilə yaradılıb.
Bununla əlaqədar Daxili İşlər Nazirliyinin müvafiq sistemlərində yeni Məcəllənin maddələrinə uyğun olaraq müvafiq dəyişikliklərin tətbiqinə başlanıb.
Bu istiqamətdə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilməmiş (qərarsız) protokollar barədə məlumatların əldə edilməsi və onların ödənişinin həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyinin mövcud “Elektron Ödənişlər Sistemi”ndə əlavə funksionallıqlar işlənib hazırlanıb.
Həmçinin Baş Dövlət Yol Pol İdarəsinin Mərkəzi İnformasiya Sistemində nəqliyyat vasitələri və sürücülük vəsiqələri barədə məlumatların Fərdi İdentifikasiya Nömrələri ilə təmin edilməsi işinin daha da təkmilləşdirilməsi məqsədilə yeni elektron xidmət kabineti yaradılıb.
Yeni yaradılan e-xidmet.mia.gov.az-da sürücülük vəsiqənizi, nəqliyyat vasitənizi və aktiv etibarnamələrinizi sistemə daxil edərək cərimələriniz barədə məlumat əldə edə bilərsiniz.
Eyni zamanda sistemə şəxsiyyət vəsiqənizin FİN kodunu daxil edərək piyadalar üçün olan cərimələri də öyrənə bilərsiniz.
Qeyd edək ki, sayt üzərinədən bütün yol hərəkəti ilə bağlı cərimələrin onlayn ödənişini həyata keçirmək mümkündür. Saytda “Şəxsiyyət vəsiqəsi”, VÖEN”, “Sənəd nömrəsi”, “Sürücülük vəsiqəsi” , həmçinin “Cərimə protokolu” üzrə axtarış edib, cərimələrinizi öyrənib ödəniş edə bilərsiniz.
Sayta həm öz avtomobilləriniz, həm də etibarnamələriniz barədə məlumatları da daxil edə bilərsiniz.
Qərarsız (inzibati xəta haqqında iş üzrə qərar qəbul edilməmiş) protokollarla bağlı onlayn ödəmə imkanı da yaradılıb.
Məlum olduğu kimi, digər ödəniş sistemlərində hələlik bu tip protokollar üzrə ödəniş etmək olmur.
Sayt üzərindən bütün yol hərəkəti ilə bağlı cərimələrin onlayn ödənişini həyata keçirmək mümkündür. Saytda qeydiyyatdan keçəndə mobil telefonunuza təsdiq bildirişi də gəlir.
Vətəndaşlar bu xidmətlərdən istifadə etmək üçün https://e-xidmet.mia.gov.az və https://e-payment.mia.gov.az linklərinə daxil ola bilər.
xeberler.az