14 C
Baku
Thursday, May 1, 2025

Azəri-Çıraq-Günəşlidə gündəlik hasilat 331 000 barelə düşüb – “BP Azerbaijan”dan hesabat

2025-ci ilin ilk üç ayında Azəri-Çıraq-Günəşlidən (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etdirilib.

Banker.az xəbər verir ki, bu barədə yatağın operatoru “BP Exploration (Caspian Sea) Limited” şirkəti məlumat yayır

Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (21 000), Mərkəzi Azəri (87 000), Qərbi Azəri (76 000), Şərqi Azəri (43 000), Dərinsulu Günəşli (54 000), Qərbi Çıraq (25 000) və ACE (25 000) platformalarından birlikdə – gündə orta hesabla 331 000 barel və ya ümumilikdə təxminən 30 milyon barel, yəni 4 milyon ton olub.

Ötən ilin müvafiq dövründə gündə orta hesabla 339 000 barel və ya ümumilikdə təxminən 31 milyon barel, yəni 4 milyon ton olub. 2024-cü ilin sonuncu rübündə isə gündə orta hesabla 342 000 barel və ya ümumilikdə təxminən 125 milyon barel, yəni 16 milyon ton olub.

Fevralın 18-i AÇG layihəsi Mərkəzi Azəri platformasından ilk neftin əldə olumasının 20 illiyini qeyd etdi. Həmin vaxtdan platformadan ümumilikdə 1,1 milyard barrel (152 milyon ton) neft hasil edilib.

Rübün sonunda AÇG-də ümumilikdə 145 neft hasilatı quyusu, 44 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub.

Qeyd edilir ki, birinci rüb ərzində AÇG-də 2 neft hasilatı quyusu qazılmış və onlardan biri tamamlanmışdır. Bundan əlavə 1 qaz injektoru quyusu da qazılmışdır.

2025-ci ilin birinci rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 11 milyon kubmetr, ümumilikdə isə 0,9 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

AÇG yatağındakı sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 20 sentyabr 2024-cü il tarixində AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalandı. AÇG yatağının çıxarıla bilən STQ ehtiyatlarının xeyli iri həcmdə – 4 trilyon kub futadək olduğu düşünülür.

Bu sənədə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi iki prioritet layı hədəfləyən ilkin quyu qazılıb. Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.

“Quyu mövcud Qərbi Çıraq platformasından qazılıb. İlk qaz hasilatının bütün tamamlama və sualtı birləşdirmə işləri bitdikdən sonra 2025-ci ilin sonunadək başlanacağı gözlənilir” – deyə, hesabatda qeyd edilir.

Hazırda AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (31,65%), MOL (9,57%), İNPEKS (9,31%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,92%).

Son xəbərlər
Digər xəbərlər