21 C
Baku
Monday, May 5, 2025

OPEC+ hasilatı artırdı, neft kəskin düşdü- Proqnoz nədir?

OPEC+ ölkələrinin həftəsonu gələn aylarda hasilatın daha da artırılacağını bildirməsi bunun da bazarda mümkün təklif bolluğuna işarə etməsi səbəbindən neftin qiyməti bazar ertəsi kəskin dəyər itirib.

Banker.az xəbər verir ki, Brent neftinin iyun fyuçersləri 3.6% ucuzlaşaraq bir barel üçün 59.10 dollara, WTI neftinin iyun fyuçersləri isə 3.7% azalaraq 55.68 dollara düşdü.

Artan təklif gözləntiləri və zəifləyən tələbat fonunda neft qiymətləri ciddi təzyiq altına düşdü. 2025-ci ilin əvvəlindən bəri neft bazarı onsuz da ciddi itkilərlə üzləşirdi. Bazar ertəsi qeydə alınan itkilər Brent neftini aprel ayının əvvəlində gördüyü son dörd ilin minimum qiymətinə yaxınlaşdırdı.

Yaxın Şərqdə gərginliyin artması, xüsusilə İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni tədbirlər görəcəyi ilə bağlı təhdidlərinə baxmayaraq, OPEC+ hasilat artımı bu riskləri kompensasiya etdi.

Niyə OPEC+ səbəb olur?

Neft İxrac Edən Ölkələr Təşkilatı və müttəfiqləri (OPEC+) – qlobal neft hasilatının əsas hissəsini təşkil edən qrup – həftəsonu keçirilən iclasda iyun ayından gündəlik hasilatın 411 000 barel artırılmasına razılaşdı. Bu qrupda Azərbaycanda iştirak edir

Bu artım əvvəlcədən gözləniləndən təxminən üç dəfə çoxdur və əsas üzv ölkələr – Səudiyyə Ərəbistanı və Rusiya – hasilatı artıracaq.

Bu addım yaxın aylarda neftin təklifində əhəmiyyətli artıma, qiymətlərin isə daha da enməsinə səbəb ola bilər. Eyni zamanda, Yaxın Şərqdə təklifin pozulması risklərini də kompensasiya edə bilər.

Bu qərar həmçinin OPEC+ ölkələrinin ABŞ Prezidenti Donald Trampın neft hasilatının artırılması və qiymətlərin endirilməsi çağırışlarına cavab olaraq Vaşinqtonla münasibətləri gücləndirməyə çalışdığını göstərir.

Bloomberg-in yazdığına görə, məqsəd – kvotaları pozan alyans üzvlərini (məsələn, Qazaxıstan və İraq) neftin qiymətini aşağı salmaqla cəzalandırmaqdır.

Tariflər və ABŞ-Çin gərginliyi

Bazar ertəsi neft qiymətlərində baş verən ucuzlaşma bu il ərzində neft bazarında müşahidə olunan zəifliyə əlavə olundu. Qlobal iqtisadi qeyri-müəyyənliyin artması qiymət perspektivlərini zəiflətmişdi.

Bu tendensiyanın əsas səbəblərindən biri ABŞ Prezidenti Donald Trampın ticarət tarifləri siyasəti olub. O, ABŞ-a idxal olunan mallara tarifləri artırmış və əsas ticarət tərəfdaşlarına qarşı yeni rüsumlar tətbiq etməklə hədələmişdi.

Tramp, əsas neft idxalçısı olan Çinə qarşı 145%-lik tarif tətbiq edib, Pekin isə təxminən 125%-lik cavab tarifləri ilə qarşılıq verib. Bu isə dünyanın iki ən böyük iqtisadiyyatı arasında sərt ticarət müharibəsinə səbəb olub.

Keçən həftə ABŞ və Çin arasında ticarət danışıqlarına açıq olunduğuna dair siqnallar olsa da, bu, bazarlara ciddi təsir göstərməyib. Trampın tarif siyasətinin yaratdığı iqtisadi qeyri-sabitlik qlobal neft tələbatını zəiflədə biləcəyindən bazarlar ehtiyat edir.

Nüfuzlu “Barclays” bankı Brent neftinin qiymət proqnozunu 2025-ci il üçün hər barel üzrə 4 dollar ucuzlaşdırmaqla 66 dollar/bll-dən 60 dollar/bll-ə, 2026-cı il üçün isə 2 dollar endirməklə 60 dollar/barelə endirib. Bankın proqnozunda əsas enişə səbəb OPEC+ alyansının neftin hasilatındakı artımlardır.

“Goldman Sachs” neft üzrə qiymət proqnozunu dəyişməyib: 2025-ci ilin qalan hissəsində Brent neftinin orta qiymətinin 63 dollar, WTI-nin isə 59 dollar olacağını gözləyir. 2026-cı il üçün isə Brent üçün 58 dollar, WTI üçün isə 55 dollar proqnozlaşdırılır.

Bankın hesablamalarına görə, qlobal iqtisadi yavaşlama və ya OPEC+ tərəfindən könüllü şəkildə azaldılan gündəlik 2.2 milyon barel hasilatın tam bərpası halında, 2026-cı ildə Brent neftinin qiyməti 40 dollar diapazonuna enə bilər. Əgər fövqəladə və çox az ehtimal olunan bir ssenari baş versə, Brent qiymətləri 40 dolların da altına düşə bilər.

Son xəbərlər
Digər xəbərlər