2024-cü ildə Azərbaycanda dəniz nəqliyyatından yük daşımalarından əldə olunan gəlir 4% azalıb və 239 milyon manata enib.
Banker.az xəbər verir ki, xarici əlaqəli daşımalar üzrə gəlir 95,7%-ə, yəni 238,3 milyon manata düşüb. Bu dövrdə ilk dəfə olaraq kabotaj əlaqə üzrə 758 min manat gəlir əldə olunub.
Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, 2024-cü ildə 8,6 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3% azalma deməkdir. Bununla belə, yük dövriyyəsində əhəmiyyətli artım qeydə alınıb — 6,97 milyard ton-km, bu isə 72% artıma bərabərdir.
28,4 min sərnişin daşınıb ki, bu da ötən ilin göstəricisindən 19,8% çoxdur. Sərnişin dövriyyəsi isə 117,1% artaraq 13 milyon sərnişin-km olub. Lakin sərnişin daşımalarından əldə olunan gəlir kəskin şəkildə – 72,3% azalaraq 1,08 milyon manata düşüb. Bu azalma əsasən beynəlxalq sərnişindaşımanın məhdudlaşması ilə bağlıdır.
Tranzit yüklərində 6%, ixrac yüklərində isə 32,4% azalma baş verib. Əvəzində idxal yükləri 15,1%, xarici limanlararası daşımalar isə 12,1% artıb. İlk dəfə olaraq kabotaj əlaqə üzrə də 57,3 min ton yük daşınıb.
2024-cü ilin ilk rübündə ölkənin dəniz limanlarında yükləmə-boşaltma işlərinin həcmi 14 milyon tonu ötüb ki, bu da 5,1% artım deməkdir. Ən çox artım idxal yüklərində (18,6%) və tranzit yüklərində (2,4%) qeydə alınıb. Kabotaj yüklərinin həcmi isə 54,1 min ton təşkil edib.
Limanlarda qalan yüklərin həcmi 41% artaraq 653 min tona çatıb. Burada ixrac yüklərinin qalığı iki dəfə artaraq 64 min tona, tranzit yüklərin qalığı isə 589 min tona yüksəlib.
Azərbaycana məxsus gəmilərlə idxal yüklərinin həcmi 5,3% artımla 1 767,2 ton, , xarici gəmilərlə isə 32,9% artımla 284,3 ton yük daşınıb.
Limanlarda işlənmiş gəmilərin sayı da artaraq 4 828-ə çatıb ki, bu da 18,6% artım deməkdir.